“Mercedes-Benz”in nadir kolleksiyası Parisdə hərraca çıxarılacaq
Maraqlı
21.12.2025 13:05
Dəyəri 5 milyon dollardan çox olan nadir şəxsi "Mercedes-Benz" avtomobil kolleksiyası 2026-cı ilin yanvarında Parisdə beynəlxalq "RM Sotheby’s" hərracında satışa çıxarılacaq.
TodayPress TV xəbər verir ki, "Motorious" nəşrinin məlumatına görə, "Silver Star" (“Gümüş Ulduz”) adlanan kolleksiya müxtəlif dövrləri əhatə edən altı simvolik avtomobildən ibarətdir.
Kolleksiyanın əsas diqqət çəkən modelləri “qağayı qanadı” qapıları ilə məşhur iki "Mercedes-Benz 300 SL"dir:
– 1954-cü il kupe versiyası, ilkin istehsal nümunələrindən biri, təxminən 2 milyon dollar,
– 1962-ci il rodster, orijinal qırmızı rəng və krem salonla – 1,4–1,8 milyon dollar arası qiymətləndirilir.
Kolleksiyaya, həmçinin cəmi 520 ədəd istehsal olunan "Mercedes-Benz SLR McLaren Roadster" (2010) daxildir. 5,4 litrlik AMG V8 mühərriki olan bu modelin dəyəri 558 min dollara qədər qiymətləndirilir.
Bundan başqa, 2013-cü il istehsalı iki "Mercedes-Benz SLS AMG" (kupe və rodster) kolleksiyada yer alır. Atmosfer V8 mühərrikli bu avtomobillərin qiymətləri müvafiq olaraq 341 min və 305 min dollar civarındadır.
Kolleksiyanı 1969-cu il "Mercedes-Benz 280 SL" “Pagoda” modeli tamamlayır. Bərpa olunmuş vəziyyətdə olan avtomobilin dəyəri təxminən 164,5 min dollardır.
Qeyd olunur ki, bütün avtomobillər vahid lot şəklində, bir sahib tərəfindən satışa çıxarılacaq və "Mercedes-Benz" brendinin onilliklər ərzində dizayn və mühəndislik təkamülünü nümayiş etdirir.
Qiymət Mahir
tag: Mercedes-Benz,Kolleksiya,Motorious,Silver Star,
