Məhbuslardan nümunəvi addım! - Yeməksiz qalan şagirdlərə ümid oldular
ABŞ-nin Kanzas ştatında məhbuslar yerli məktəbdə şagirdlərin səhər yeməyi və nahar borclarının bir hissəsini ödəmək üçün 4 min 267 dollar ianə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “ANF” məlumat yayıb.
Məlumata görə, "Norton Community Schools" məktəb dairəsində tədris ilinin sonunda qidalanma üzrə təxminən 6 min dollar borc yaranıb. Borclar maddi çətinlik yaşayan ailələrin uşaqlarına aid olub.
"Norton Correction Facility"də fəaliyyət göstərən "Reaching Out From Within" proqramının iştirakçıları borcun ödənilməsinə kömək etmək üçün ianə kampaniyası keçiriblər. Məhbuslar 3 min 810 dollar toplayıb, müəssisənin əməkdaşları isə əlavə 457 dollar ianə ediblər.
Toplanan vəsait məktəb dairəsinə təqdim olunub. Bununla uşaqların borca görə səhər yeməyi və nahardan məhrum olmamasına kömək edilib.
Məktəb dairəsinin rəhbəri Kori Roy ianəyə görə məhbuslara təşəkkür edib. O bildirib ki, bu təşəbbüs uşaqlara maliyyə dəstəyi ilə yanaşı, məhbuslara cəmiyyət üçün faydalı iş gördüklərini nümayiş etdirmək imkanı verib.
Aysel Mətləb