Mayon vulkanı üçün təhlükə səviyyəsi yüksəldildi
Maraqlı
06.01.2026 19:00
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) Mayon vulkanı üçün xəbərdarlıq səviyyəsini ikinci səviyyədən üçüncü səviyyəyə qaldırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "ABS-CBN" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, lava günbəzinin çökməsi yaxın günlərdə və ya həftələrdə püskürmənin baş verə biləcəyinə işarə edir.
Mayon vulkanı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Filippin Mülki Aviasiya İdarəsi (PAA) zirvədən 3,35 kilometr radiusda təyyarə uçuşlarını qadağan edib və pilotlara vulkan yaxınlığından çəkinmək tövsiyə olunub. Bu, qəfil freatik (buxar) püskürmələrinin yaratdığı külün təyyarələr üçün təhlükə yaratması səbəbindəndir.
Phivolcs bildirib ki, lava günbəzin dağılması piroklastik axınlara səbəb ola bilər. Bu axınlar yüksək sürətlə yamaclardan enir, yolundakı hər şeyi məhv edə bilir və hətta su maneələrini aşa bilir. Son bir gündə Mayon vulkanında 85 qaya uçqunu qeydə alınıb.
Qurum yaxın günlərdə püskürmə ehtimalının yüksək olduğunu, həmçinin külün yağması riskinin mövcud olduğunu xəbərdarlıq edib.
Türkan İsgəndərli
tag: Vulkan,Lava,Mayon,Xəbərdarlıq,Todaypress.tv,
