Köpəkbalıqlarının qanında kokain tapıldı
Baham adaları sahillərində yaşayan köpəkbalıqlarının orqanizmində kokain, kofein və ağrıkəsici dərmanların izləri aşkarlanıb.
TodayPress TV xəbər verir ki, “Drugs in Paradise” adlı araşdırma çərçivəsində Baham adalarının Eleuthera adası yaxınlığında tutulan 85 köpəkbalığı tədqiq edilib. Onlardan 28-nin qanında kofein, kokain və ağrıkəsicilər daxil olmaqla müxtəlif çirkləndiricilər müəyyənləşdirilib.
Alimlər bunun köpəkbalıqlarında kofein və asetaminofenin aşkarlanması ilə bağlı dünyada ilk qeydə alınmış hal olduğunu bildiriblər. Həmçinin Baham adalarının sularında köpəkbalıqlarında diklofenak və kokain ilk dəfə aşkarlanıb.
Tədqiqatçılar maddələrin okeana çirkab suları və insanların suda buraxdığı tullantılar vasitəsilə düşə biləcəyini ehtimal edirlər.
Araşdırmada çirklənmiş qanı olan köpəkbalıqlarında bəzi bioloji göstəricilərdə dəyişikliklər də qeydə alınıb. Bunun heyvanların sağlamlığına və davranışına hansı təsir göstərdiyi isə hələlik tam məlum deyil.
Kübra Musayeva