Köhnə peçenye qutusundan SƏRVƏT ÇIXDI - Qızıllar 50 il gizlədilib
Böyük Britaniyada yaşayan qadın köhnə peçenye qutusunda ərinin təxminən 50 il əvvəl gizlətdiyi qızıl sikkələrdən ibarət kolleksiya aşkarlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.
Tapıntı köçməzdən əvvəl əşyaların çeşidlənməsi zamanı üzə çıxıb. Emalatxanada saxlanılan qutu əvvəlcə adi görünüb. Qutunun üst hissəsində gümüş sikkələr olub, onların altında isə 41 Cənubi Afrika krüqerrandı və 21 Britaniya suveren qızıl sikkəsi aşkarlanıb.
Sikkələr alış sənədləri ilə birlikdə orijinal qablaşdırmada qorunub. Məlum olub ki, qadının əri qızılları 1970-ci illərin ortalarında, ölkənin tənəzzül və yüksək inflyasiyanın nəticələrini yaşadığı dövrdə alıb. Həmin vaxt bir krüqerrandın qiyməti təxminən 80 funt sterlinq olub.
Kişinin bu sərmayəsi barədə heç kimə məlumat vermədiyi bildirilib.
Təxminən yarım əsr sonra kolleksiya hərraca çıxarılıb. Krüqerrandlar təxminən 100 min funt sterlinqə, Britaniya suverenləri isə 13 min funt sterlinqə satılıb.
Aysel Mətləb