İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq. Bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə - perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.
TodayPress TV xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a verilən məlumata görə, Ay iyunun 15-də Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun Yerdən uzaqlığı 357 195 km olacaq.
Cəmi bir neçə saat sonra, saat 06:56-da peyk Təzə Ay fazasına daxil olacaq. Perigeylə Təzə Ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super Təzə Ay adlanır. İndiyədək qeydə alınan ən yaxın Super Təzə Ay hadisələrindən biri 2023-cü il yanvarın 22-də baş verib. Bu zaman Ay Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb.
Təzə Ay zamanı peyk Yerlə Günəş arasında yerləşir və onun işıqlanan tərəfi Yerə əks istiqamətdə olduğundan Ay səma üzərində görünmür. Buna baxmayaraq, bu faza astronomik baxımdan böyük əhəmiyyət daşıyır. Ayın görünməməsi gecə səmasını daha qaranlıq edir və zəif dərin səma obyektlərinin - qalaktikaların, ulduz topalarının və dumanlıqların müşahidəsi üçün əlverişli şərait yaradır.
Ayın orbiti tam dairə deyil, ellips formasındadır. Buna görə Aydan Yerə qədər məsafə daim dəyişir. Perigey nöqtəsində peyk Yerə ən yaxın, apogey nöqtəsində isə ən uzaq mövqedə olur. Super Təzə Ay hadisəsi məhz peykin perigey yaxınlığında Təzə Ay fazasına düşməsi nəticəsində baş verir. Bu hadisə zamanı peyk Yerə bir qədər yaxın yerləşsə də, görünmədiyi üçün bunu vizual olaraq müşahidə etmək mümkün deyil. Lakin Ayın və Günəşin cazibə qüvvələrinin birgə təsiri nəticəsində okeanlarda daha güclü qabarma-çəkilmə hadisələri baş verə bilər.