İnsanın 33 hissi ola bilər

Maraqlı

25.12.2025 19:45

İnsanların dünyanı yalnız görmə, eşitmə, qoxu, dad və toxunma ilə qavradığı fikri tam doğru deyil. Mütəxəssislər bildirir ki, insan qavrayışı daha mürəkkəbdir və bir çox hisslər bir-biri ilə qarşılıqlı şəkildə işləyir.

TodayPress TV xəbər verir ki, bu barədə "The Conversation" portalı yazır.

Alimlərin fikrincə, insan təcrübəsinin böyük hissəsi çoxhisslidir. Yəni biz ayrı-ayrılıqda görmür, eşitmir və ya hiss etmirik. Müxtəlif hisslərdən gələn məlumatlar birləşərək dünyanın vahid təsəvvürünü yaradır. Məsələn, qoxular dad və toxunma hissini, səslər isə yeməyin dadını dəyişə bilər.

Neyrobioloqlar bir sıra az tanınan hissləri də qeyd edirlər. Propriosepsiya insanın ətraflarına baxmadan bədən üzvlərinin vəziyyətini hiss etməsinə imkan verir. Tarazlıq hissi və daxili bədən siqnallarını (aclıq, ürək döyüntüsü, gərginlik) izləyən interosepsiya da bu hisslərə daxildir.

Bundan əlavə, adi beş hissin özü də bir neçə sistemdən ibarətdir. Məsələn, toxunma ağrı, temperatur və təzyiqi əhatə edir. Dad isə təkcə dilə yox, qoxu və yeməyin teksturasına da bağlıdır. Dil yalnız beş əsas dadı ayırd edə bilir, mürəkkəb dadlar isə əsasən qoxu sayəsində formalaşır.

Tədqiqatlar göstərir ki, hisslər bir-birinə təsir edir. Məsələn, təyyarədəki səs-küy bəzi dadların zəif hiss olunmasına səbəb olur. Bu da uçuş zamanı pomidor suyunun daha dadlı gəlməsini izah edir.

Alimlər vurğulayırlar ki, insan hissləri düşündüyümüzdən qat-qat mürəkkəbdir və onlar birlikdə işləyərək dünyanı necə qavradığımızı formalaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

tag: İnsan,Hiss,Duyğu,Qavrama,Todaypress.tv,