Hamı onun məhvini gözləyirdi, amma başqa mənzərə yarandı
Böyük Sədd rifinin vəziyyəti ilə bağlı yeni məlumatlar açıqlanıb.
TodayPress TV xəbər verir ki, Avstraliyanın Böyük Sədd rifinin uzun illərdir məhv olmaq təhlükəsi ilə üzləşdiyi bildirilsə də, son ölçmələr rifin bəzi hissələrində mərcan örtüyünün artdığını göstərir.
“Copenhagen Consensus Center” analitik mərkəzinin rəhbəri Byörn Lomborqun “Portfolio”da yayımlanan məqaləsinə görə, rifin böyük hissəsində mərcanların sayı azalmayıb. Əksinə, bəzi ərazilərdə artım müşahidə olunub.
Məlumata görə, 1986-cı ildən aparılan müşahidələrdə 2021-ci ildə mərcan örtüyü rekord səviyyəyə çatıb. 2022 və 2023-cü illərdə yüksək göstəricilər qorunub, 2024-cü ildə isə yeni rekord qeydə alınıb.
2025-ci ildə mərcan örtüyündə azalma baş versə də, göstərici əvvəlki rekord səviyyədən sonra qeydə alınıb. Həmin il son 40 ilin nəticələri arasında dördüncü ən yüksək göstərici olub.
Son məlumatlara əsasən, rifin şimal və mərkəzi hissələrində mərcan örtüyü yenidən artıb, cənub hissəsində isə vəziyyət sabit qalıb. Su temperaturunun aşağı düşməsinə səbəb olan gecikmiş mussonun da bu prosesə təsir etdiyi bildirilir.
Bununla yanaşı, Böyük Sədd rifinin qarşısında ciddi təhlükələrin qaldığı vurğulanır. 2016-cı ildən bəri rifdə altı dəfə genişmiqyaslı mərcan ağarması hadisəsi qeydə alınıb.
Avstraliya və Kvinslend hökumətləri 2014-cü ildən etibarən rifin qorunması proqramlarına 5 milyard Avstraliya dollarından çox vəsait ayırıblar.
Kübra Musayeva