Günəş aktivliyi daha dəqiq proqnozlaşdırılacaq

Maraqlı

21.01.2026 22:45

Beynəlxalq astronomlar qrupu Günəşin arxiv müşahidələrinin təhlili üçün yeni metod hazırlayıb.

TodayPress TV xəbər verir ki, araşdırma "The Astrophysical Journal" jurnalında dərc olunub.

Bu metod gələcək Günəş dövrlərinin aktivliyini daha dəqiq proqnozlaşdırmağa imkan verə bilər.

Tədqiqatın əsas məqsədi Günəşin qütb maqnit sahəsinin son 100 ildən artıq dövrdə necə dəyişdiyini bərpa etmək olub. Məhz bu sahə 11 illik Günəş dövrlərinin formalaşmasında həlledici rol oynayır və Günəş ləkələrinin sayı, alışmalar (fleyrlər) və Yer üçün təhlükə yarada bilən maqnit fırtınalarının intensivliyi ondan asılıdır.

Alimlərin qarşılaşdığı əsas problem ondan ibarət idi ki, Günəşin qütb maqnit sahəsinin birbaşa ölçülməsi yalnız 1970-ci illərdən aparılır. Daha qədim dövrləri araşdırmaq üçün tədqiqatçılar Hindistan Astrofizika İnstitutunun tərkibində fəaliyyət göstərən "Kodaikanal Solar Observatory" arxivinə müraciət ediblər. Bu rəsədxanada 1904-cü ildən etibarən Günəş kalsiumun "Ca II K" xətti üzrə müşahidə olunur ki, bu da xromosfer və onunla bağlı maqnit strukturlarını öyrənməyə imkan verir.

Hazırda alimlər Günəş aktivliyini yalnız bir neçə il öncədən proqnozlaşdıra bilirlər. Halbuki kosmik missiyaların, o cümlədən NASA layihələrinin planlaşdırılması üçün onillikləri əhatə edən proqnozlar tələb olunur. Yeni metod tarixi məlumatlardan istifadə etməklə bu cür uzunmüddətli proqnozların dəqiqliyini artırmağa imkan verir.

Alimlər modelin Günəşin 26-cı dövrünü nə dərəcədə düzgün proqnozlaşdırdığını yalnız 4–5 ildən sonra yoxlaya biləcəklər. Buna baxmayaraq, əldə olunan nəticələr artıq kosmik hava proqnozlarının inkişafına töhfə verir və Günəş aktivliyini idarə edən mexanizmlərin daha dərindən anlaşılmasına kömək edir.

Qiymət Mahir

tag: Günəş,Alim,Elm,Dünya,Todaypress.tv,