Əzbərləmə, öyrən! - Ən effektiv öyrənmə üsulu
Maraqlı
23.02.2026 19:15
Kaliforniya Universiteti, San-Fransiskonin alimləri ənənəvi əzbərləmə üsulundan daha effektiv ola biləcək yeni öyrənmə mexanizmini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Nature Neuroscience" jurnalında dərc olunub.
Tədqiqat göstərir ki, əsas amil təkrarların sayı deyil, onların arasındakı zaman intervalıdır. Uzun illərdir hesab olunurdu ki, öyrənmə kümülatif prinsipə əsaslanır: siqnal və mükafat nə qədər tez-tez üst-üstə düşürsə, əlaqə bir o qədər möhkəm olur. Lakin siçanlar üzərində aparılan təcrübələr beynin hadisələr arasındakı vaxt fərqini də nəzərə aldığını ortaya qoyub.
Laboratoriya modelində qısa səs siqnalı şirinləşdirilmiş su ilə müşayiət olunurdu. Mükafat 5–10 dəqiqəlik fasilələrlə verildikdə, siçanlar səs və mükafat arasındakı əlaqəni öyrənmək üçün 30–60 saniyəlik fasilələrlə müqayisədə təxminən 10 dəfə az təkrara ehtiyac duyublar. Ümumi öyrənmə müddəti isə eyni qalıb.
Neyrofizioloji analizlər göstərib ki, bu prosesdə dopamin mühüm rol oynayır. Əvvəlcə şəkər verildikdə dopamin səviyyəsi artırdı, lakin öyrənmə irəlilədikcə reaksiya mükafatın özündən siqnala keçirdi. Daha nadir mükafatlandırma zamanı bu dəyişiklik daha sürətli baş verib. Beyin hər mükafatı daha əhəmiyyətli və informativ kimi qəbul edib.
Bununla belə, intervalın həddindən artıq artırılması (məsələn, təxminən bir saata qədər) öyrənməni ləngidib. Ehtimal olunur ki, uzun fasilələr digər stimullarla dolu olduğundan ilkin əlaqə zəifləyir.
Alimlərin qənaətinə görə, nəticələr tez-tez təkrarlanan əzbərləmə ilə müqayisədə paylanmış öyrənmənin daha effektiv olduğunu təsdiqləyir. Çox sıx təkrarlar hər bir təcrübənin “dəyərini” azalda bilər, uyğun zaman aralığı isə məlumatın yaddaşda möhkəmlənməsini və vərdişlərin formalaşmasını gücləndirir.
Qeyd edək ki, daha əvvəl aparılan araşdırmalar sadə bir vərdişin demensiya riskini təxminən 40 faiz azalda biləcəyini də göstərmişdi.
Jalə Rövşən
tag: San-Fransisko,Öyrənmə ,Beyin ,Əzbərləmə,Todaypress.tv,
