Dişi qabıq böcəyi hörümçəkləri ən güclü tora malikdir

Maraqlı

10.12.2025 19:00

Alimlər müəyyən ediblər ki, Madaqaskarda yaşayan qabıq böcəyi hörümçəklərinin ən möhkəm torlarını məhz dişi fərdlər hazırlayır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Integrative Zoology" jurnalında dərc olunub.

Bu hörümçəklər təbiətin “mühəndisləri” kimi tanınır. Onların torları bütöv çayların üzərindən uzana bilir və gücü poladdan belə üstün sayılır. Yeni tədqiqat göstərib ki, bu rekord möhkəmlik əsasən dişi hörümçəklərin ipəklərində müşahidə olunur.

Alimlər "Caerostris darwin"i və "C. kuntner"i növlərinin ipəklərini mikroskop altında tədqiq edərək diametrini ölçüblər və dartılma gücünü sınaqdan keçiriblər. Nəticədə bəzi hallarda dişilərin ipəklərinin erkəklərin ipəklərindən iki dəfədən çox möhkəm olduğu aşkarlanıb.

Bu fərq hörümçəklərdə cinsi dimorfizmlə əlaqələndirilir. Belə ki, dişilər erkəklərdən orta hesabla üç dəfə böyükdür və iri yırtıcıları tuta bilən torlara ehtiyac duyurlar. Erkəklər isə xırda həşəratlarla qidalandığı üçün belə böyük və möhkəm torlar qurmurlar.

Tədqiqatçılar hesab edirlər ki, dişi hörümçək ipəyinin molekulyar xüsusiyyətlərinin öyrənilməsi ultra güclü biomaterialların hazırlanmasına töhfə verə bilər. Bu cür strukturlar artıq tibbi implantlarda istifadə üçün araşdırılır və yeni məlumatlar süni materialların inkişafını sürətləndirə bilər.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Hörümçək,Dişi,Erkək,Tor,Todaypress.tv,