Da Vinçinin “Vitruvi adamı” əsərində həndəsi “şifrə” aşkar edildi
Maraqlı
01.12.2025 19:00
Britaniyalı diş həkimi Rori Maksveyni Leonardo da Vinçinin məşhur “Vitruvi adamı” rəsminə dair yeni iddia irəli sürüb. Onun sözlərinə görə, rəssam əsərdə təkcə dairə və kvadratla kifayətlənməyib, fiqurun ayaqları arasında bərabərtərəfli üçbucaq da gizlədib.
TodayPress TV xəbər verir ki, bu barədə "Popular Mechanics" jurnalında dərc olunub.
Məqalədə bildirilir ki, aşkar edilən həndəsi element rəsmdəki qeyri-adi dəqiq nisbətləri daha da diqqətəlayiq edir.
Maksveyninin fikrincə, Leonardo daxil etdiyi bu üçbucağı təsadüfən seçməyib. O, stomatologiyada istifadə olunan və aşağı çənənin optimal quruluşunu təsvir edən Bonneville üçbucağı ilə üst-üstə düşür. Tədqiqatçı hesab edir ki, göbək ətrafına beş belə üçbucaq əlavə edildikdə altıbucaqlı naxış yaranır və kvadratın tərəfinin dairənin radiusuna nisbəti təxminən 1,64 olur. Bu nisbət təbiətdə tez-tez rast gəlinən harmonik quruluşlarla uyğun gəlir.
Beləliklə, Maksveyniyə görə, Leonardo da Vinçi “Vitruvi adamı”nda təkcə estetik ideyaları yox, həm də insan bədəninin harmoniyasını əks etdirən fundamental həndəsi prinsipləri gizlətmiş ola bilər. Rəssamın bu nümunələri müasir alimlərdən əsrlər əvvəl intuitiv şəkildə dərk etdiyi ehtimal olunur.
Türkan İsgəndərli
tag: Da Vinçi,Vitruvi adamı,Şifrə,Sirr,Todaypress.tv,
