Bəzi it cinslərində canavar DNT-si aşkarlandı

Maraqlı

25.11.2025 19:15

Amerika Təbiət Tarixi Muzeyinin alimləri müəyyən ediblər ki, müasir itlərin çoxunda zəif də olsa, canavar əcdadının genetik izləri qalır. Bu izlər onların bədən quruluşuna, qoxu hissinə və davranış xüsusiyyətlərinə təsir göstərir. 

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "PNAS" jurnalında dərc olunub.

Tədqiqatçılar canavarların, müxtəlif cins və təsərrüfat itlərinin 2700-dən çox genomunu araşdırıblar. Məlum olub ki, saf cins itlərin təxminən 66%-nin nüvə genomunda canavar DNT-si mövcuddur. Ən çox canavar geni "Çexoslovakiya Wolfdog"ları və "Saarloos Wolfhound"larında tapılıb. 

Araşdırma göstərib ki, canavar genlərinin miqdarı itlərin davranışına da təsir edir. Canavar əcdadı az olan cinslər daha mehriban, itaətkar və asan öyrədilən olur. Daha çox canavar genlərinə sahib itlər isə adətən müstəqil, ehtiyatlı və yad insanlara qarşı daha az etibarlıdırlar.

Tədqiqatçılar qeyd ediblər ki, canavar genləri itlərin müxtəlif mühitlərə uyğunlaşmasında mühüm rol oynayıb. Məsələn, kənd itlərində qoxu reseptorlarının güclənməsinə, Tibet mastiflərində isə yüksək dağlarda oksigen çatışmazlığına dözümlülüyün artmasına kömək edib.

Alimlər bildirirlər ki, geniş yayılmış fikrin əksinə olaraq, müasir itlərdə canavarlarla qədim çarpazlaşmanın izləri hələ də qalır və bu, onların təkamül uğurunda əhəmiyyətli rol oynamış ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: İt,DNT,Canavar,Erkək,Todaypress.tv,