Bataqlıqda gizlənən nəhəng ilanları belə tapacaqlar: Alimlərdən QƏRİBƏ üsul
Alimlər Floridanın Everqleyds bataqlıqlarında gizlənən invaziv bir növ - Birma pitonlarını aşkar etmək üçün qeyri-adi üsul təklif ediblər.
TodayPress TV xəbər verir ki, “Times of India”nın məlumatına görə, bioloqlar ağcaqanadlardan bir növ “detektiv” kimi istifadə etməyi planlaşdırırlar.
İdeya Florida Universitetinin Qida və Kənd Təsərrüfatı İnstitutunun tibbi entomologiya laboratoriyasında çalışan Lourens Rivzin doktorantura araşdırması zamanı ortaya çıxıb. Tədqiqatçılar pitonların ağcaqanadlarla necə qarşılıqlı əlaqədə olduğunu öyrənmək üçün açıq volyerlərdə saxlanılan ilanların olduğu fermadan ağcaqanadlar toplayıblar.
Ağcaqanadların mədəsindəki qan nümunələrini araşdıran alimlər həşəratların üç müxtəlif növündə piton DNT-si aşkar ediblər. Bu nəticə tədqiqatçılara ağcaqanadların gizlənən ilanların yerini müəyyənləşdirmək üçün istifadə edilə biləcəyini düşündürüb.
Mexanizm olduqca sadədir: ağcaqanad heyvanı dişlədikdə onun qanından bir hissəni öz orqanizmində saxlayır. Həmin qandan DNT götürülərək analiz edildikdə ağcaqanadın hansı heyvanı dişlədiyini müəyyən etmək mümkündür.
Beləliklə, bataqlıqlarda və sıx bitki örtüyündə hər yeri axtarmaq əvəzinə, alimlər müəyyən ərazidə ağcaqanadları toplayaraq onların qanında piton DNT-sinin olub-olmadığını yoxlaya bilərlər.
Pitonları tapmaq niyə çətindir?
Birma pitonları güclü kamuflyaj qabiliyyətinə malikdir. Onların rəngi və yarımsu həyat tərzi bataqlıqlarda, sıx bitki örtüyündə və insanların çətinliklə çata bildiyi ərazilərdə gizlənmələrinə imkan verir.
İndiyədək pitonların axtarışında xüsusi təlim keçmiş itlərdən, könüllülərdən və ilan ovçularından istifadə olunub. Lakin bu üsullar həm vaxt aparır, həm də ucqar ərazilərdə effektivliyini itirə bilir.
Alimlərin fikrincə, ağcaqanadlar bu üsullara əlavə vasitə kimi istifadə oluna bilər. Üstəlik, onların köməyi ilə yalnız ayrı-ayrı pitonların yerini müəyyənləşdirmək deyil, invaziv növün ekosistem üzrə yayılmasını izləmək də mümkün ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, bu yanaşma gələcəkdə biomüxtəlifliyin öyrənilməsinə də kömək edə bilər. Çünki ağcaqanadlar insanların çətinliklə çata bildiyi ərazilərə gedərək həmin yerlərdən bioloji “izlər” daşıya bilirlər.
Kübra Musayeva