Araşdırma: Mahnı sözləri insanların davranışına və emosiyalarına ciddi təsir göstərir

Maraqlı

31.12.2025 20:15

Mahnı sözləri təkcə melodiyanı müşayiət etmir, eyni zamanda insanların davranışını, emosional vəziyyətini və sosial münasibətlərini formalaşdırmaq gücünə malikdir.

TodayPress TV xəbər verir ki, bu barədə "Psychology of Music" (PM) jurnalında dərc olunmuş elmi araşdırmada qeyd olunub.

Tədqiqatçılar mindən çox elmi nəşri təhlil edərək mahnı sözlərinin təsiri ilə bağlı 82 empirik araşdırmanı seçiblər. Nəticələr göstərib ki, musiqi mətnləri davranış və rəftar üzərində mülayim, lakin davamlı təsir yaradır, emosional vəziyyətə isə daha güclü şəkildə təsir edir. Maraqlı məqamlardan biri də odur ki, bu təsir əksər hallarda mətnin məzmunu ilə birbaşa uyğunluq təşkil edir.

Araşdırmaya görə, yardım, empatiya və sosial dəstək mövzulu lirikalar insanların başqalarına kömək etmə meylini artırır. Təcrübələr zamanı bu tip mahnıları dinləyən şəxslərin xeyriyyəçilik üçün daha çox ianə etdiyi, daha səxavətli davrandığı və yad insanlara kömək etməyə daha meyilli olduğu müşahidə olunub.

Alimlər vurğulayırlar ki, musiqinin təsiri yalnız səs və ritmlə məhdudlaşmır — sözlərin daşıdığı mesajlar da insan davranışında mühüm rol oynayır.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Mahnı,Beyin,Söz,Təsir,Todaypress.tv,