Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər

Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər
04.08.2026 03:38 Maraqlı

Alimlər Yer kürəsində qlobal istiləşmənin sürətləndiyini göstərən ilk ciddi sübutları aşkar ediblər.

TodayPress TV xəbər verir ki, Potsdam İqlim Dəyişmələrinin Təsirlərinin Araşdırılması İnstitutunun (PIK) yeni araşdırmasına görə, 2015-ci ildən sonra planetin orta temperaturunun artım tempi əvvəlki onilliklərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.

“ScienceDaily”nin Geophysical Research Letters jurnalında dərc olunan araşdırmaya istinadən verdiyi məlumata görə, son 10 ildə qlobal orta temperatur təxminən 0,35 dərəcə Selsi yüksəlib. Müqayisə üçün, 1970–2015-ci illər arasında bu göstərici hər 10 ildə 0,2 dərəcədən az olub.

Alimlərin sözlərinə görə, 1880-ci ildən aparılan müşahidələrə əsasən, hazırkı istiləşmə tempi tarixdə qeydə alınan ən yüksək göstəricidir.

Tədqiqat zamanı El-Ninyo hadisəsi, vulkan püskürmələri və Günəş aktivliyindəki dəyişikliklər kimi temperaturu müvəqqəti təsir edə bilən təbii amillər də nəzərə alınıb. Bu amillərin təsirinin aradan qaldırılması uzunmüddətli iqlim tendensiyasını daha dəqiq müəyyənləşdirməyə imkan verib.

Araşdırmada NASA, NOAA, HadCRUT, Berkeley Earth və ERA5 olmaqla dünyanın beş əsas temperatur müşahidə bazasının məlumatlarından istifadə edilib. Beş mənbənin hamısı qlobal istiləşmənin sürətləndiyini müstəqil şəkildə təsdiqləyib.

Tədqiqatın aparıcı müəllifi Stefan Ramstorfun sözlərinə görə, nəticələrin statistik etibarlılığı 98 faizdən çoxdur. Bu isə aşkar edilən tendensiyanın təsadüfi olma ehtimalının olduqca aşağı olduğunu göstərir.

Məlumata görə, təbii amillərin təsiri nəzərə alınsa belə, 2023 və 2024-cü illər müşahidələr tarixində ən isti illər olaraq qalır.

Alimlər bildiriblər ki, hazırkı istiləşmə tempi qorunub saxlanılarsa, Paris İqlim Sazişində müəyyən edilmiş 1,5 dərəcə Selsi həddinin uzunmüddətli aşılması artıq 2030-cu ildən əvvəl baş verə bilər.

Tədqiqatçılar vurğulayıblar ki, gələcək vəziyyət böyük ölçüdə dünyanın qalıq yanacaqlarından istifadə nəticəsində yaranan karbon qazı emissiyalarını nə qədər sürətlə azaltmasından asılı olacaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər