Alimlər xəbərdarlıq edir: Yer kürəsində günlər uzanır

Maraqlı

01.01.2026 19:15

24 saatlıq gün dəyişməz reallıq kimi qəbul edilsə də, alimlər Yer kürəsinin öz oxu ətrafında fırlanmasının tədricən yavaşladığını bildirirlər.

TodayPress TV xəbər verir ki, son elmi tədqiqatlara görə, bu proses çox zəif olsa da, uzun müddətdə günlərin uzanmasına səbəb olur.

Mütəxəssislərin sözlərinə görə, Yer kürəsinin fırlanması Ayla cazibə qarşılıqlı təsiri nəticəsində yavaşlayır. Okeanlarda baş verən qabarma-çəkilmələr planetin fırlanma enerjisinin kiçik bir hissəsini azaldır. Nəticədə Yer yavaşlayır, Ay isə hər il bir qədər uzaqlaşır.

Alimlər qeyd edirlər ki, günlərin uzunluğu zamanla millisaniyələrlə dəyişə bilir. Bu dəyişikliklər atom saatları, astronomik müşahidələr və qədim tutulma qeydləri vasitəsilə izlənilir.

Mövcud hesablamalara əsasən, Yer kürəsində bir günün 25 saata çatması üçün təxminən 200 milyon il lazımdır. Buna görə də bu dəyişiklik yaxın gələcəkdə insan həyatına və təqvim sistemlərinə təsir etməyəcək.

Bundan əlavə, buzlaqların əriməsi, yeraltı suların yerdəyişməsi və kütlənin planet üzrə paylanmasındakı dəyişikliklər də Yer kürəsinin fırlanmasına çox cüzi təsir göstərə bilər. Alimlər bu təsirlərin uzunmüddətli və məhdud xarakter daşıdığını vurğulayırlar.

Türkan İsgəndərli

TodayPress TV

tag: Gün,Saat,Yer,Dünya,Todaypress.tv,