Alimlər riyazi düşüncənin ən qədim izlərini aşkarladılar

Maraqlı

21.12.2025 15:39

Arxeoloqlar yazılı rəqəmlərdən minilliklər əvvəl formalaşmış riyazi düşüncənin mümkün olan ən qədim sübutlarını tapıblar.

TodayPress TV xəbər verir ki, Qüdsdə yerləşən Yerusəlim İvrit Universitetinin alimləri eramızdan əvvəl təxminən 6200–5500-cü illərə aid tapıntıları araşdırıblar.

Tədqiqatın nəticələri "Journal of World Prehistory" jurnalında dərc olunub.

Alimlər qədim Mesopotamiya ərazisində yayılmış Xalaf mədəniyyətinə aid 700-dən çox keramika fraqmentini təhlil ediblər. Gil qab qalıqları üzərində təkrarlanan bitki və çiçək naxışlarında 4, 8, 16, 32 və 64 kimi ardıcıllıqlar aşkar edilib. Tədqiqatçılara görə, bu, insanların say və məkan bölgüsü anlayışını vizual şəkildə dərk etdiyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, bu naxışlar yalnız estetik məqsəd daşımayıb, eyni zamanda məhsul bölgüsü, torpaqların paylaşılması və resurslara nəzarət kimi praktiki ehtiyaclar üçün istifadə oluna bilərdi. Bu tapıntı riyazi və abstrakt düşüncənin yazıdan çox əvvəl insan mədəniyyətinin bir hissəsi olduğunu göstərir.

Qiymət Mahir

tag: Alim,Riyazi düşüncə,Elm,Araşdırma,Todaypress.tv,