Alimlər “limon formalı” sirli ekzo-planet aşkar etdilər
Maraqlı
21.12.2025 16:18
Alimlər mövcud planet yaranma nəzəriyyələrinə uyğun gəlməyən, son dərəcə qeyri-adi xüsusiyyətlərə malik ekzo-planetin kəşf edildiyini açıqlayıblar.
TodayPress TV xəbər verir ki, "Daily Mail"in yazdığına görə, PSR J2322–2650b adlandırılan qaz nəhəngi "James Webb" kosmik teleskopu vasitəsilə aşkar olunub.
Ölçülərinə görə Yupiterə yaxın olan planet güclü cazibə qüvvəsinin təsiri altında uzanaraq “limon” formasını alıb.
Məlumata görə, planet adi ulduzun deyil, neytron ulduzu olan pulsarın ətrafında dövr edir və ona cəmi 1,6 milyon kilometr məsafədə yerləşir. Bir dövrəni təxminən 7,8 saata tamamlayan planet güclü şüalanmaya məruz qalır.
Tədqiqatçılar planetin atmosferində molekulyar karbonun üstünlük təşkil etdiyini, su, metan və karbon qazının isə demək olar ki, olmadığını bildirirlər. Alimlərin fikrincə, bu cür atmosfer indiyədək heç bir ekzo-planetdə müşahidə olunmayıb və planetin mənşəyi hələ də sirr olaraq qalır.
Qiymət Mahir
tag: Alim,Planet,Limon,Kəşf,Todaypress.tv,
