Alimlər kainatın ən qədim və ən uzaq qara dəliyini aşkarladı

Maraqlı

10.08.2025 16:30

Beynəlxalq astronomlar qrupu kainatın indiyədək müşahidə olunmuş ən qədim və ən uzaq qara dəliyini aşkarlayıb.

TodayPress TV xəbər verir ki,  bu barədə “The Astrophysical Journal Letters” jurnalında dərc edilən tədqiqatda bildirilib.

Qara dəlik CAPERS-LRD-z9 qalaktikasında yerləşir və Böyük Partlayışdan cəmi 500 milyon il sonra formalaşıb. Bu, kainatın indiki yaşının təxminən 3 faizinə – 13,3 milyard il əvvələ uyğun gəlir.

CAPERS-LRD-z9 qalaktikası Ceyms Uebb teleskopu vasitəsilə CAPERS proqramı çərçivəsində aşkar edilib. Proqramın məqsədi ulduz sistemlərinin yaranmasının ən erkən mərhələlərini öyrənməkdir. Əvvəlcə parlaq və qeyri-adi dərəcədə qırmızı nöqtə kimi diqqət çəkən obyekt, “kiçik qırmızı nöqtələr” adlanan yeni tip kompakt qalaktikaların nümayəndəsi olub.

Hesablamalara görə, CAPERS-LRD-z9 qalaktikasındakı qara dəliyin kütləsi 300 milyon Günəş kütləsinə çata bilər ki, bu da onun qalaktikasındakı bütün ulduz kütləsinin yarısına bərabərdir. Bu göstərici onu digər məlum superkütləvi qara dəliklər arasında unikal edir.

Alimlər qırmızı rəngin qara dəliyi əhatə edən sıx qaz buludları ilə bağlı ola biləcəyini ehtimal edirlər. Belə obyektin erkən kainatda mövcudluğu qara dəliklərin böyümə sürəti və mənşəyi ilə bağlı mövcud nəzəriyyələri şübhə altına alır.

Tədqiqatçılar gələcəkdə Ceyms Uebb teleskopu ilə daha detallı müşahidələr apararaq qara dəliklərin ilk qalaktikaların formalaşmasında oynadığı rolu və kainatın erkən strukturlarının inkişafını öyrənməyi planlaşdırırlar.

Qiymət Mahir

tag: Elm,Alim,Qara dəlik,Araşdırma,Todaypress.tv,