Əncir ağacları karbon qazını daşa çevirir

Maraqlı

07.07.2025 19:00

Beynəlxalq alimlər qrupu bəzi əncir ağaclarının atmosferdən karbon qazını (CO₂) udaraq onu mineral formada – kalsium karbonat şəklində – gövdələrində saxlaya bildiyini müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Avropa Geokimya Assosiasiyası (European Association of Geochemistry, EAG) yayıb.

Araşdırma Keniyanın şimalındakı quraq Samburu bölgəsində bitən üç müxtəlif əncir növü üzərində aparılıb. Onlardan biri "Ficus wakefieldii" CO₂-ni bağlayaraq onu təbaşir və əhəng daşının əsas komponenti olan kalsium karbonata çevirmək qabiliyyəti göstərib.

Alimlərin izahına görə, adətən bitkilər fotosintez prosesi vasitəsilə karbonu üzvi formada toplayır. Lakin əncir ağaclarında əlavə bir mexanizm aşkar edilib: onlar əvvəlcə kalsium oksalat kristalları yaradır və bu kristallar zamanla parçalanaraq qeyri-üzvi kalsium karbonata çevrilir. Bu mineral karbon yüzlərlə il ərzində torpaqda qala bilir.

Daha maraqlısı odur ki, bu minerallaşma təkcə torpaqda deyil, ağacların toxumalarında da baş verir. Sinxrotron analizləri göstərib ki, ağacların oduncaq toxumalarında da kalsium karbonat mövcuddur. Bu, o deməkdir ki, ağaclar “daxildən daşlaşır” və atmosfer karbonunu möhkəm şəkildə fiksasiya edir.

Tədqiqatçılar həmçinin müşahidə ediblər ki, əncir ağaclarının ətrafındakı torpaq daha qələvi olur, bu da onun münbitliyini artırır və qida maddələrinin daha yaxşı mənimsənilməsinə şərait yaradır.

Bu cür oksalat-karbonat mexanizmi daha öncə yalnız meyvə verməyən ağaclarda müşahidə olunmuşdu. "Ficus wakefieldii" bu mexanizmin təsdiqləndiyi ilk meyvə verən ağac növü kimi elmə düşüb. Bu kəşf onu aqromeşəçilik üçün son dərəcə perspektivli edir: həm torpağı bərpa edə bilər, həm CO₂-ni udar, həm də məhsul verir.

Əvvəllər tədqiq olunmuş "Milicia excelsa" (iroko) adlı ağacın ömrü boyu bir tonadək kalsium karbonat toplaya bildiyi müəyyən edilmişdi. Alimlər hesab edir ki, xüsusilə tropik bölgələrdə bu xüsusiyyətə malik daha çox sayda ağac növü mövcuddur.

Qiymət Mahir

tag: Beynəlxalq alimlər qrupu ,Ağac,Əncir,Atmosfer,Todaypress.tv,