Ağcaqanadlarda virus aşkarlandı
Böyük Britaniyada ilk dəfə olaraq Qərbi Nil qızdırması virusu daşıyan ağcaqanadlara rast gəlinib. Mütəxəssislər bu hadisəni Avropada ötürülən yoluxucu xəstəliklərin artması riskinin temperatur yüksəlişi ilə bağlı olduğuna bağlayır.
TodayPress TV xəbər verir ki, bu barədə “Euronews” Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinə (UKHSA) istinadən məlumat yayıb.
Agentlik bildirib ki, hələlik ölkədə insanlar arasında yoluxma halı qeydə alınmayıb və ictimai sağlamlıq üçün ümumi risk çox aşağıdır. Lakin buna baxmayaraq, UKHSA epidemioloji nəzarəti gücləndirir və həkimlərə bəzi xəstələrin simptomlarının bu virusla əlaqəli ola biləcəyini nəzərə almağı tövsiyə edir.
Qurumun məlumatına görə, virusun fraqmentləri 2023-cü ilin iyulunda Nottingemşirdəki bataqlıq ərazilərdə toplanmış iki ağcaqanad nümunəsində tapılıb. Həmin ərazidən götürülən daha 198 nümunədə virus aşkarlanmayıb.
Qərbi Nil qızdırması virusu eyni virus ailəsinə daxil olan denge və sarı qızdırma kimi xəstəliklərlə bağlıdır. Virus adətən quşlarda olur və ağcaqanadlar vasitəsilə yayılır. İnsanlara da keçə bilər, lakin yoluxanların təxminən 80 faizində heç bir əlamət müşahidə olunmur. Virus ilk dəfə 1937-ci ildə Uqandada aşkar edilib və hazırda Afrika, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada geniş yayılıb.
Qiymət Mahir
tag: Ağcaqanad,Britaniya,Virus,Elm,todaypress.tv,