İqlim dəyişikliyi vanilin məhv olmasına səbəb olacaq
Maraqlı
03.07.2025 18:45
Belçikanın Leuven Katolik Universiteti və Kosta Rikanın Lankester Nəbatat Bağının alimləri müəyyən ediblər ki, iqlim dəyişikliyi vanilin yox olmasına səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, tədqiqat “Frontiers in Plant Science” jurnalında dərc olunub.
Təbii vanilin əsas mənbəyi olan Vanilla planifolia bitkisi xəstəliklərə, quraqlığa və istiyə qarşı son dərəcə həssasdır. Alimlər qlobal istiləşmənin vanil növləri və onların tozlandırıcı həşəratlarının yaşayış areallarını necə dəyişə biləcəyini iki fərqli iqlim ssenarisi əsasında modelləşdiriblər.
Tədqiqatın müəllifi Dr. Şarlott Vattin bildirib ki, iqlim dəyişikliyi bu növlərin bir-birindən ayrılmasına və nəticədə onların qarşılıqlı mövcudluğunun pozulmasına səbəb ola bilər. Bu isə vəhşi vanil populyasiyalarının sağ qalmasına ciddi təhlükə yaradır.
Modelə əsasən, bəzi vanil növlərinin yaşayış arealları 2050-ci ilə qədər 140% genişlənə bilər, lakin digər növlərdə 53%-ə qədər azalma gözlənilir. Daha narahatedici isə tozlandırıcı həşəratların yaşayış sahələrinin əhəmiyyətli dərəcədə daralması riskidir.
Alimlər qeyd edirlər ki, vəhşi vanil növlərinin qorunması təkcə ekoloji deyil, həm də kənd təsərrüfatı baxımından həyati əhəmiyyət daşıyır.
Türkan İsgəndərli
tag: İqlim,Vanil,Bitki,Təbiət,Todaypress.tv,