7 milyard il əvvəlki kainatın temperaturu dəqiqləşdirildi
Maraqlı
02.11.2025 23:37
Yaponiyanın Keyo Universitetinin astronomları 7 milyard il əvvəlki kainatın temperaturunu yüksək dəqiqliklə ölçüblər. Məlum olub ki, həmin dövrdə kainat bu günkindən təxminən iki dəfə isti olub.
TodayPress TV xəbər verir ki, nəticələr universitetin rəsmi saytında dərc olunub.
Hesablamalar Çilidə yerləşən ALMA radioteleskop kompleksinin (Atakama Böyük Millimetr/Submillimetr Anten Sistemi) məlumatları əsasında aparılıb. Bu, dünyanın ən böyük radioteleskopudur və Atakama səhrasında, 5 min metrdən yüksəkdə yerləşdiyindən, uzaq kosmosdan gələn zəif siqnalların dəqiq qeydinə imkan verir.
Tədqiqatçılar kvasar adlanan, nəhəng qara dəlik tərəfindən enerji ilə təmin olunan parlaq mənbədən gələn işığı təhlil ediblər. Bu işıq kosmik mikrodalğa fonu — Böyük Partlayışdan qalan zəif “əks-səda” ilə qarşılıqlı təsirdə olur.
Spektrdəki dəyişikliklər o dövrün fon şüalanmasının temperaturunu hesablamağa imkan verib. Nəticə 5,13 K (absolyut sıfırdan 5,13 dərəcə yuxarı) təşkil edib, bu gün isə həmin temperatur 2,7 K-dir (təxminən –270,45 °C).
Alimlərin sözlərinə görə, bu, kainatın tarixində bu məsafədə aparılmış ən dəqiq temperatur ölçməsidir. Məlumatlar kainatın soyuma prosesinin Standart Kosmoloji Modelin proqnozlarına tam uyğun getdiyini təsdiqləyir.
Qiymət Mahir
tag: Aliml,Yaponiya,Kainat,Dünya,Todaypress.tv,
        