36 gün dağıntılar altında qalan heyvan sağ çıxdı
Çinin Şensi əyalətində ev donuzu sürüşmə nəticəsində yaranan dağıntıların altında 36 gün qaldıqdan sonra sağ tapılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sohu” məlumat yayıb.
Məlumata görə, güclü torpaq sürüşməsi yerli sakinin donuz tövləsini dağıdıb. İki donuzdan biri dağıntıların altından özü çıxıb, digər donuz isə beton plitənin və qalın qum-daş qatının altında qalıb.
Sahibləri heyvanın öldüyünü düşünüb və dağıntıları təmizləməyiblər. Lakin evin yaxınlığında yol təmiri zamanı kişi gözlənilmədən torpağın altından donuzun səsini eşidib. Sahibi bildirib ki, heyvan bu müddət ərzində ən azı 40 kiloqram arıqlayıb.
Xilas edildikdən sonra donuz parlaq işığa zəif reaksiya verib və arxa ayaqları üstündə demək olar ki, dayana bilməyib. Onun üçün ayrıca yer hazırlanıb və heyvanı tədricən kələm yarpaqları və qarğıdalı qarışığı ilə yemləməyə başlayıblar.
Aysel Mətləb