2000 ildən çoxdur fasiləsiz püskürən vulkan

Maraqlı

30.12.2025 19:30

İtaliyanın Siciliya bölgəsinin şimalında yerləşən Stromboli vulkanı dünyada ən uzun müddət aktiv olan vulkanlardan biri hesab olunur.

TodayPress TV xəbər verir ki, alimlərin məlumatına görə, bu vulkan təxminən 2000 ildən artıqdır ki, demək olar fasiləsiz lava püskürür.

Stromboli eyniadlı kiçik adada yerləşir. Adanın sahəsi cəmi 12,5 kvadrat kilometrdir. Vulkan dəniz səviyyəsindən 926 metr, dəniz dibindən isə 2000 metrdən çox hündürlüyə malikdir.

Tarixi mənbələrə əsasən, Strombolinin ilk qeydə alınmış püskürməsi eramızdan əvvəl 350-ci ilə təsadüf edir. O vaxtdan bu günə qədər vulkan demək olar ki, daim aktiv qalıb. Bəzi alimlər isə onun təxminən 20 min ildir püskürdüyünü düşünür.

Strombolinin püskürmələri adətən güclü və dağıdıcı olmur. Əksər hallarda bu, qısa müddətli lava partlayışları, kül və qaz püskürmələri ilə müşayiət olunur. Bu partlayışlar gecə vaxtı parlaq narıncı işıq yaratdığı üçün vulkana “Aralıq dənizinin mayakı” adı verilib.

Mütəxəssislər bildirir ki, Stromboli o qədər xarakterik püskürmələrə malikdir ki, vulkanologiyada “Strombol püskürməsi” adlı xüsusi termin də məhz bu vulkanın adı ilə bağlı yaranıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: İtaliya,Vulkan, Stromboli,Lava,Todaypress.tv,