Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq
"Azərbaycanda saatlıq əməkhaqqı, eləcə də saatlıq minimum əməkhaqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əməkhaqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əməkhaqqı mexanizminin, eləcə də əməkhaqqı müqavilə sisteminin formalaşdırılmasından ibarətdir".
TodayPress TV xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, dəyişikliklərə əsasən, saatlıq minimum əməkhaqqının orta aylıq əməkhaqqının saatlara bölünərək alınacaq məbləğindən daha çox olmasıdır:
"Bu o deməkdir ki, saatlıq minimum əməkhaqqı sadəcə orta aylıq əməkhaqqının aydakı iş saatlarına bölünməsi ilə əldə edilməyəcək. Bu zaman xüsusi əmsallardan istifadə olunacaq. Nəticədə saatlıq minimum əməkhaqqı daha yüksək olacaq və saatlıq minimum əməkhaqqı ilə çalışan vətəndaşlarımız daha çox maaş alma imkanına malik olacaq. Eyni zamanda təbii ki, bu həm də bir neçə iş yerində çalışmaq imkanıdır və vətəndaşlarımızın aylıq gəlirinin artmasına səbəb olacaq. Həm saatlıq minimum əməkhaqqı məbləğinin yüksək olması, həm də bir neçə işdə çalışmaq vətəndaşların daha çox əməkhaqqı və gəlir əldə etməsinə imkan yaradacaq".