“İnter Mayami” Messi planını açıqladı

İdman

02.08.2025 10:45

Argentina millisinin və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi hazırda rəhbərliklə mövsüm sonunda başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ABŞ klubu 38 yaşlı futbolçunun müqaviləsini 2028-ci ilə qədər və ya istəyi olarsa, daha uzun müddətə uzatmaq niyyətindədir. Daha dəqiq, “İnter Mayami” Messinin “özünü güclü və istəkli hiss etdiyi müddətcə” komandada qalmasını istəyir.

Tərəflər arasında müzakirə olunan yeni müqavilə Messiyə istənilən vaxt müqaviləni ləğv etmək hüququ verir. Yəni forvard karyerasını istədiyi vaxt bitirə biləcək.

Bundan əlavə, klub Messi ilə karyerasını başa vurduqdan sonra rəhbər vəzifələrdən birinə gətirilməsi variantını da nəzərdən keçirir. Bu ehtimal futbolçunun “İnter Mayami”də müəyyən paya sahib olması ilə də əlaqələndirilir.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”nin heyətində çıxış edir. O, bu müddətdə 69 oyuna çıxaraq 58 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: İnter Mayami,Messi,Klub,Plan,Todaypress.tv,