Əliyevadan İtaliyada MASTER-KLASS: Gələcək ƏMİN ƏLLƏRDƏDİR!
Azərbaycan yenidən dünya idman arenasında sözünü dedi. Bu dəfə qələbə sevinci İtaliyadan gəldi. Ölkəmizin üçrəngli bayrağını Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında 11 yaşlı Əminə Əliyeva zirvəyə yüksəltdi.
TodayPress TV xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi olan Əminə, “light sand” döyüş növü üzrə dünya çempionu olaraq adını idman tariximizə yazdırdı.
Əminə deyir ki, bu uğura gedən yol asan olmayıb, lakin istəyi və iradəsi onu sona qədər apardı. O, gələcəkdə Olimpiya Oyunlarında iştirak etməyi qarşısına məqsəd qoyub. Atası, Xalq artisti Emin Ağalarov qızının bu uğurunu böyük fəxrlə qarşılayıb:
“Əminənin qazandığı bu qələbə ailəmiz üçün qürurvericidir. Onun əzmi və qətiyyəti hər kəsə nümunədir”.
Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanov isə bildirib ki, Əminə ilk dəfə döyüş tatamisinə ayaq basmasına baxmayaraq, sona qədər inamla və mübarizliklə çıxış edib.
Qeyd edək ki, Əminə Əliyeva 11 yaş, 38 kiloqram çəki dərəcəsində yarışıb.
Onunla yanaşı, oğlanlar arasında Rəsul Əsgərov (11-12 yaş, 36 kiloqram), Hüseyn Əliyev (13-15 yaş, 48 kiloqram), Toğrul Mikayılov (böyüklər, 65 kiloqram), Eller Orucov (böyüklər, 75 kiloqram) qızıl, Əli Baxışov (11-12 yaş, 33 kiloqram) və Əkbər Əhmədzadə (13-15 yaş, 70 kiloqram) gümüş mükafata yiyələniblər.
Nəticələr Azərbaycanın gənc idmançılarının dünyada yüksələn imicinin göstəricisidir. Qələbə ilə Vətənə dönən milli yığmamız bir daha sübut etdi ki, Azərbaycan gəncliyi uğurlu gələcəyə inanır.
Türkan İsgəndərli
tag: Əminə Əliyeva,İtaliya,Master-Klass,Qələbə,Todaypress.tv,