Rafael Benites “Panatinaikos”a keçir

İdman

18.10.2025 10:30

Rafael Benites “Panatinaikos” futbol klubunun baş məşqçisi postuna təyin olunmağa yaxındır. 

TodayPress TV xəbər verir ki, bu barədə Sport24.gr nəşri məlumat yayıb.

Bildirilir ki, 65 yaşlı ispaniyalı mütəxəssis Afinada klubun sahibi və prezidenti Yannis Alafuzosla danışıqlar aparır. Tərəflər mümkün müqavilənin son şərtlərini müzakirə edirlər.

Benitesə 2,5 illik müqavilə və illik 5 milyon avro məvacib təklif olunub. Hazırda yalnız rəsmi sənədlərin tamamlanması və imzalanması qalır.

Qeyd edək ki, Rafael Benitesin son iş yeri “Selta” klubu olub. O, La Liqa təmsilçisində 2023-cü ilin iyulundan 2024-cü ilin martına qədər çalışıb. Təcrübəli mütəxəssis “Liverpul” və “Napoli” kimi Avropanın aparıcı klublarında da baş məşqçi postunu tutub.

Namiq HUN

TodayPress TV

tag: Rafael Benites,Panatinaikos,Klub,Müqavilə,Todaypress.tv,