“Əl-Nəsr” Ronaldonun gələcəyi ilə bağlı danışdı - YENİLƏNDİ

İdman

29.05.2025 16:47

4

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun idman direktoru Fernando Yerro portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, məşhur jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkəsində paylaşıb.

Yerro bildirib ki, klub 40 yaşlı hücumçu ilə yeni müqavilə üzrə danışıqları davam etdirir:

“Biz hələ də Kriştiano Ronaldo ilə yeni müqavilə barədə danışırıq. Ümid edirəm ki, razılığa gələcəyik.”

Qeyd edək ki, Ronaldonun hazırkı müqaviləsi bu yay başa çatır. Son vaxtlar onun klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılmışdı. Lakin görünür, tərəflər yeni razılaşma istiqamətində iş aparırlar.

Xatırladaq ki, Kriştiano Ronaldo 2024/2025 mövsümündə 25 qolla Səudiyyə Ərəbistanı çempionatının bombardiri olub. O, 2023-cü ildən “Əl-Nəsr” də çıxış edir.

Namiq HUN

***

13:51

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun rəhbərliyinin bu günə planlaşdırılan mətbuat konfransında yeni mövsümlə bağlı nəzərdə tutulan dəyişikliklər barədə məlumat verəcəyi bildirilib.   

TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu “Marca” nəşri məlumat yayıb.   

Bildirilir ki, klub portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun komandadan ayrılması barədə rəsmi açıqlama verməyə hazırlaşır.

Mətbuat konfransında hücumçunun “Əl-Nəsr”dən ayrılması elan oluna bilər. 

Ronaldo özü də Səudiyyə Ərəbistanı çempionatının son tur oyunundan sonra sosial şəbəkədə etdiyi paylaşımda ayrılıq siqnalı verib: 

“Bu fəsil başa çatdı. Tarix? Hələ yazılır. Hər kəsə təşəkkür edirəm.” 

Qeyd edək ki, Kriştiano Ronaldonun klubla hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədər qüvvədədir.

O, 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Forvard cari mövsümdə 25 qolla liqanın ən məhsuldar futbolçusu olub. 

Xatırladaq ki, aprelin 10-da Ronaldonun klubla müqaviləsini 2027-ci ilə qədər uzada biləcəyi, hətta 5% səhmdar olacağı barədə xəbərlər yayılmışdı.

Mayın 11-də isə “Marca” nəşri klubun futbolçu ilə yeni müqavilə üzrə danışıqları dayandırdığı xəbərini paylaşıb.   

Namiq HUN

tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Forvard, Müqavilə, todaypress.tv,