Ekspert: "Milli komandaya yerli baş məşqçi təyin olunmalıdır"

İdman

09.09.2025 16:00

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Belə ki, millini DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə Bakıda keçiriləcək oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Bəs Santuşun getməsi ilə Azərbaycan millisində hansı dəyişikliklər ola bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan idman eksperti Kənan Məstəliyev deyib ki, bundan sonra yığmanın vəziyyəti yalnız daha yaxşı ola bilər:

"Portuqaliyalı mütəxəssis Fernando Santuşun rəhbərliyi altında komandamız uğur qazana bilmirdi. Son dörd oyunda qələbəmiz olmayıb, məğlubiyyətlər isə ard-arda gəlirdi. Komanda nə nəticə baxımından, nə də oyun üslubu ilə pozitiv təsir bağışlamırdı. Heç bir müsbət qığılcım görünmürdü. Amma düşünürəm ki, bundan sonra daha yaxşı olacaq".

Ekspert hesab edir ki, yığmaya xarici deyil, məhz yerli baş məşqçi gətirilməlidir:

"Komandamızın potensialı bəllidir. Belə bir heyətə xarici mütəxəssis gətirmək heç nəyi dəyişməyəcək. Əksinə, milli ruhu və döyüşkənliyi qaytarmaq üçün mütləq yerli mütəxəssis təyin olunmalıdır. Ayxan Abbasov və Rəşad Sadıqov bu iş üçün real namizədlərdir. Onlar futbolçulara milli formanı daşımağın məsuliyyətini aşılayaraq, mübarizlik ruhunu qaytara bilərlər".

Kənan Məstəliyev əlavə edib ki, AFFA rəhbərliyinin də artıq bu istiqamətdə düşündüyü görünür və yaxın vaxtlarda yerli baş məşqçinin təyinatı böyük ehtimalla reallaşacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Santuş,Milli,DÇ-2026,U-21,Todaypress.tv,