Dörd tennisçi diskvalifikasiya olundu
İdman
27.06.2025 12:05
Beynəlxalq Tennisdə Dürüstlük Agentliyi (ITIA) danışılmış oyunlarda iştirak etdiklərinə görə dörd tennisçini diskvalifikasiya edib.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Ən ağır cəza Tailand təmsilçisi, 25 yaşlı Nattxasit Kunsuvana verilib. O, 2022–2024-cü illər arasında 39 danışılmış oyunda iştirak etdiyini etiraf etdikdən sonra 12 il müddətinə bütün tennis turnirlərindən uzaqlaşdırılıb.
Fransa tennisçisi, 25 yaşlı Ceymi Floyd Anxel danışılmış oyun təşkilinə, istintaqla əməkdaşlıqdan imtina etdiyinə və sübutları məhv etdiyinə görə 5 il 3 ay cəza alıb.
33 yaşlı Braziliya mənşəli isveçli tennisçi Kristian Lindell dörd danışılmış matçda iştirak etdiyinə və Belçikada fəaliyyət göstərən danışılmış oyunlar sindikatı ilə əlaqələrinə görə 7 il müddətinə diskvalifikasiya edilib.
Ən az cəzanı isə keçmiş fransalı tennisçi, 33 yaşlı Samuel Bensussan alıb - 1 il 11 ay. O da dörd danışılmış oyunda iştirakda və sindikatla əlaqədə ittiham olunub.
Diskvalifikasiya müddətində tennisçilərə ITIA və ya hər hansı milli assosiasiyanın təşkil etdiyi turnirlərdə iştirak, məşqçilik və yarışlara qatılmaq qadağan edilib.
Namiq HUN
tag: Tennis,Diskvalifikasiya,İTİA,Cəza,Todaypress.tv,