Çimərlik güləşçilərimizin Poreç uğuru

İdman

02.06.2025 09:41

Çimərlik güləşi üzrə Xorvatiyada keçirilən Dünya Seriyasının 2-ci mərhələsinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, Poreç turnirində iki güləşçi ilə təmsil olan komandamız bir qızıl və bir bürünc medal qazanıb. 

Dünya Seriyasının baş mükafatı çimərlik güləşi üzrə 3 qat dünya çempionu olan İbrahim Yusubovun (90 kq) aktivindədir. O, finalda ukraynalı Oleksey Yakovçukla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini 3:2 hesabıyla məğlub edən təcrübəli güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Vüsal Əliyev (80 kq) isə bürünc medal uğrunda görüşdə amerikalı Rodrik Lavla qarşılaşıb. Güləşçimiz cəmi 13 saniyə ərzində 3:0 hesablı qələbəyə imza ataraq debüt yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək.

Namiq HUN

tag: Çimərlik,Güləş,Poreç,Turnir,Todaypress.tv,