Badmintonçularımız Qahirədə iki fərqli nəticə ilə yadda qaldı
Azərbaycanın gənclərdən ibarət badminton millisinin üzvləri Misirin paytaxtı Qahirədə keçirilən “BWF Youth Athlete Development Camp 2026” beynəlxalq inkişaf düşərgəsində iştirak ediblər.
TodayPress TV xəbər verir ki, Dünya Badminton Federasiyasının (BWF) təşkil etdiyi iki günlük proqrama 15 ölkədən 95-dən çox gənc idmançı qatılıb.
Düşərgə çərçivəsində gənclərin liderlik bacarıqlarının inkişafına, özünü tanımasına və şəxsi potensialının müəyyənləşdirilməsinə həsr olunan təlimlər keçirilib. İştirakçılar həmçinin ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirib, texniki və taktiki hazırlıq üzrə praktiki məşqlərə qatılıblar.
Azərbaycanı beynəlxalq düşərgədə Ülvi Hüseynov, Əmirxan İmanov, Əli Gözəlov, Yusif Mirələmov, Leyla Camalzadə, Yağmur Quliyeva, Aysel Kazımova və Nəzrin Mehrəlizadə təmsil ediblər.
Qeyd edək ki, Azərbaycan millisi Qahirədə keçirilən “VICTOR BWF World Junior Team Championships 2026” komandalararası dünya çempionatında da iştirak edib.
Yığma qrup mərhələsində İndoneziya və Şri-Lankaya, pley-off mərhələsində isə Qana və Bolqarıstana məğlub olub. Sloveniya və Zambiya komandalarına qalib gələn badmintonçularımız dünya çempionatını ümumi sıralamada 40-cı yerdə başa vurublar.