Aqil Nəbiyev: “Qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik”
İdman
27.09.2025 15:26
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunları çərçivəsində Tacikistan yığmasına qarşı keçirilən ilk oyunla (1:0) bağlı fikirlərini bildirib.
TodayPress TV xəbər verire ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında qalibiyyəti torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə və qazilərimizə həsr etdiklərini deyib:
“Bu qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik. 27 Sentyabr - Anım Günüdür. Futbolçularıma həmişə onu aşılayıram ki, biz qalib xalqın nümayəndələriyik. Başımız dik, alnımız açıqdır. Belə ölkədə yaşadığımız üçün fəxr edirik. Şəhidlərimiz, qazilərimiz qanı-canı bahasına torpaqlarımızı işğaldan azad ediblər. Futbolçulara da deyirəm ki, biz Azərbaycanın adını təmsil edirik. Onlar necə bayrağımızı ucaldıblarsa, biz də bunun davamını gətirməliyik”.
Aqil Nəbiyev komandanın əzmkar mübarizə apardığını söyləyib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Turnirin ən yaxşı komandalarından biri ilə qarşılaşdıq. Tacikistan yığmasının bir neçə oyununu təhlil etmişdik. Onlar son olaraq Rusiya yığması ilə heç-heçə etmişdilər. Aqressiv, çox qaçan, mübarizə aparan, texniki bacarığı üstün olan kollektivdirlər. Komandamız düzgün şəkildə mübarizə apardı. Ev tapşırığından sonra qol vurmağımız da bunu göstərir. Turnirə qələbə ilə başlamaq önəmli idi”.
Qeyd edək ki, multi-idman oyunlarının A qrupunda yer alan millimiz növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.
Namiq HUN
tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,
