Kamran Əsədovun növbəti məhkəməsində nə baş verdi? – DETALLAR

Hadisə

19.12.2025 17:27

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun Gəncədə növbəti məhkəmə prosesi keçirilib. 

TodayPress TV xəbər verir ki, məhkəmə hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilib. 

Məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərdən Kamran Əsədov məhkəmənin girişində jurnalistlərin suallarını cavablandırmayıb. 

Məhkəmə prosesində Kamran Əsədov və Gündüz Abbasov dövlət tərəfindən təqdim edilən vəkildən imtina edib və müqavilə əsasında yeni vəkillə təmin olunub.

İclasda ilk olaraq dövlət ittihamçısı ittiham aktını oxuyub. Məlum olub ki, K. Əsədov və G. Abbasov 9, 8, 6 və 15 min (ümumilikdə 70 min) manat pul qarşılığında xüsusi avadanlıqların abituriyentlərə quraşdırılmasına, pulların isə imtahanın nəticəsindən sonra verilməsinə razılaşıb.  Kamran Əsədov hakimə dövlət ittihamçısının irəli sürdüyü maddələr üzrə ittihamlarla özünü təqsirli bilmədiyini bildirib. Gündüz Abbasov isə ancaq Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) maddəsi ilə özünü təqsirli bilib.

Daha sonra zərərçəkmiş qismində Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Mirzağa Yaqubzadə çıxış edib.

Növbəti proses yanvarın 22-nə təyin edilib.

Xatırladaq ki, ittiham aktına görə, K. Əsədov və G. Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 14 abituriyentin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər. Onlardan 8-i istintaq gedişində verdiyi ifadələrlə dəqiqləşdiriliblər. 

Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb. Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib. Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.

Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 5 ilədək həbs cəzası nəzərdə tutulur.

Vüsalə Nəciyeva

TodayPress TV

tag: Kamran Əsədov,Ekspert,Məhkəmə,Qərar,Tdoaypress.tv,

photo