ŞOK! İran xəritədən silinə bilər- MÜSAHİBƏ - VİDEO

Gündəm

10.01.2026 10:45

İranda hökumət əleyhinə etirazlar davam edir, ölkədə vəziyyət getdikcə daha da gərginləşir. Dekabrın 28-də Tehran bazarında rialın kəskin şəkildə qiymətdən düşməsinə qarşı başlanan etirazlar hazırda bütün ölkəyə yayılıb.Vəziyyətlə bağlı bir çox fikirlər, ehtimallar irəli sürülür. 

TodayPress TV baş verən son hadisələrlə bağlı Azərbaycanın İrandakı sabiq səfiri, professor Nəsib Nəsibli ilə müsahibəni təqdim edir: 

— Ehtimallar arasında hazırkı hakimiyyətin devriləcəyi ilə bağlı fikirlər də səsləndirilir. Bəs sizcə, bu dəfəki etirazlar nə ilə nəticələnəcək? 

— Burada 3 ehtimal haqqında danışmaq olar: 1. Rza Pəhləvi ABŞ və İsrail hakimiyyəti tərəfindən dəstəklənir, son illərdə onun İranda nüfuzunun artırılması üçün çox çalışılır, hakimiyyətə gətirilməsinə cəhd edilir. Bəziləri bunun az ehtimal olduğunu düşünür, lakin gözardı etməmək lazımdır. Niyə? Ən azından ona görə ki, ABŞ bu gün müstəqil bir dövlətin prezidentini evindən götürərək Nyu-Yorka apardı. Güneydəki soydaşlarımız deyirlər ki, qoymarıq. Lakin bizim iradəmiz xaricində çox şeylər baş verir. Məsələn, İsrail İranın mərkəzində nüvə araşdırmaları ilə məşğul olan alimləri öldürür, birləşmiş qərargah rəisini yatağında qətlə yetirir. Elə bu iki hadisə bu ehtimalın heç də az olmadığını göstərir. 

1925-ci ildən sonra Pəhləvi rejiminin bizim millətimizə və ölkəmizə necə böyük zərbələr vurduğunu və bu gün Azərbaycanın həmin zərbələrin ağrısını hələ də çəkdiyini nəzərə alsaq, bizim üçün ən arzuolunmaz variant budur, lakin gözardı edilməməlidir. 

2. Hakimiyyət hazırda faktiki olaraq bölünüb: Ali dini rəhbər Seyyid Əli Xamenei bir söz deyir, hökumətin başında olan Prezident Məsud Pezeşkian başqa söz deyir. Birisi bildirir ki, bu etirazlar xarici güclərin İrana nifrətindən qaynaqlanır, rejimi dəyişmək istəyirlər və s. Pezeşkian isə daim hakimiyyəti və hakimiyyətdə olanları tənqid edir. Ölkənin prezidenti müxalifət lideri kimi çıxış edir. Bu bir oyundur deyənlər də var. Məncə, deyil, məsələ çox ciddidir. Buna oyun adı qoymaq hadisələrin mahiyyətini anlamamaqdır. İranda dramatik inkişafın şahidiyik. Buna oyun adı qoymaq olmaz. Həmçinin Xamenei Pezeşkianı qurban verə bilər və SEPAH çevriliş edə bilər. SEPAH məsələsi çox ciddi məsələdir. Əslində, ölkənin iqtisadiyyatını, sosial həyatını, siyasətini və rəsmi ideologiyasını öz inhisarına almış qurumdur. Ordu başqa, SEPAH başqadır. Bu qurumun başında duran isə birbaşa Xameneidir. Onun fəaliyyətinə ölkənin prezidenti qarışa bilmir. Çevriliş edə bilər, ölkə iqtisadiyyatının ən azı 40 faizi nəzarəti altındadır. Əslində, ölkədəki bu durumun kritik vəziyyətə gəlib çıxması da xeyli dərəcədə SEPAH-ın fəaliyyəti ilə bağlıdır. Mənim ehtimal etdiyim ssenaridə Pezeşkian qurban verilir, onu “günah keçisi” seçirlər. Bu vəziyyətin guya birillik hakimiyyətin nəticəsi olduğu iddia edilir. Həqiqətən də bir ildə Pezeşkian böyük bir sabotajla üzləşdi. Ən azı sərrafların əlində 120 milyard kapital var. Bəzi təhlilçilər deyir ki, bu, lokal bir hərəkat kimi planlanmışdı, amma insanların iqtisadi durumu o qədər pisdir ki, onların istəyi ilə hərəkat genişləndi, kütləvi hal aldı. Yəni Pezeşkian hökumətinin istefasını tələb etmək üçün bu etirazlar başladı. Bu da iddialardan biridir. Digər ehtimal isə ölkədəki ikitirəliyin — Prezident Pezeşkianla Xamenei arasında ziddiyyətlərin aradan qaldırılması və monolit hakimiyyətin formalaşmasıdır. SEPAH bütün gücü ilə etirazçıların qarşısında durur, Prezident ya istefaya göndərilir, ya da fiziki cəhətdən məhv edilir və ölkədə nisbi sakitlik yaradılır. 

3. Üçüncü ehtimalda hadisələr nəzarətdən çıxır. Bu zaman hansı tərəf güclüdürsə, o qalib çıxır. İzah etməyə çalışım. İran çoxmillətli dövlətdir. Rəsmi ideologiyaya görə İranda bir millət var, o da İran millətidir. Hətta fars millətinin varlığını belə inkar edirlər. Bu, əlbəttə ki, millət nəzəriyyəsinə və məntiqə ziddir. İran çoxmillətli dövlətdir, amma son 100 ildə onu fars dövləti formasına salmağa çalışıblar və buna da nail olublar. Ziddiyyətlərlə dolu olan dövlətdə bir də millətlərarası ziddiyyətlər var. Bu millətləri sakitləşdirmək yaxın gələcək üçün mümkün görünmür. Son 20 ildə 3–4 ildən bir yeni ayaqlanmalar başlayır və bu hadisələr yeni problemlər yaratmır, köhnə problemləri daha da dərinləşdirir. İran çıxmaza girib. Bu, mənə görə ən ehtimal olunan ssenaridir. 

Belə bir perspektiv qarşısında bizim üçün önəmli olan soydaşlarımızdır. Bu, Azərbaycana da, Türkiyəyə də, Türk dünyasına da təsir edəcək. Hadisələr çox diqqətlə izlənilir və təhlillər aparılır.

— Birinci ehtimala qayıtsaq, Rza Pəhləvinin İrana dönüşü cəmiyyət üçün nə vəd edir? Xalq ona dəstək verəcəkmi? 

— Bu şəxsin nüfuzu o qədər də yüksək deyil. Onu dəstəkləyən əsas xarici güc ABŞ-dir. Xalqın münasibəti isə fərqlidir. Qeyri-farslar Məhəmməd Rza Pəhləvinin və atasının hakimiyyətini xatırlayır, İran xalqına, xüsusilə qeyri-farslara yaşatdıqları zülmü bilirlər. Fars millətçiliyinin yanaşması isə fərqlidir. “Iran International” kanalında səsləndirilən bir fikir diqqət çəkir: indiki rejimdənsə, Pəhləvinin gəlməsi daha yaxşı olar. Niyə? Türklük və Azərbaycan üçün böyük bəlalar gətirsə də, İranın modernləşməsi istiqamətində Pəhləvi rejimi müəyyən xidmətlər göstərib. Təhsil, ictimai həyat, iqtisadiyyat, neft sənayesi və digər sahələrdə addımlar atılıb. Demək olmaz ki, Pəhləvilərin İranda heç nüfuzu yoxdur. Onu müdafiə edənlər deyirlər ki, heç olmasa iki pisdən nisbətən az pis olanı seçək. Yəni xaricdən dəstəyi olan və ölkə daxilində də müəyyən tərəfdarları olan şəxsi seçək. 

Burada başqa bir yanaşma da var. Dedik ki, İran çoxmillətli ölkədir və farslar çoxluq deyil. Bu millətləri bir arada tuta bilən ortaq dəyərlər olub. Monarxiyanı birləşdirici dəyər kimi təqdim edirdilər və bu, 1925-dən 1979-a qədər işlədi. İndi isə sual budur: bu qədər xalqı bir arada saxlayacaq dəyər nədir? Siyasi İslam son 47 ildə cazibəsini itirib. Rəsmi siyasi islam ideologiyası dərin böhran içindədir, tükənib. İndi düşünürlər ki, bu millətləri yenidən nə birləşdirə bilər? Demokratiya istəyən farslar da var, amma axıra qədər getmirlər, çünki demokratiya desentralizasiya tələb edir. Rza Pəhləvi belə desentralizasiya xəttindən bəhs edir. Hətta coğrafi prinsiplərə dayalı federativ modeldən danışır. Demokratiya “a” deyəndən sonra “b”, “b” deyəndən sonra “c” tələb edir. Həddindən artıq mərkəzləşmiş hakimiyyətin səlahiyyətlərinin bölgələrə verilməsi İranın vahidliyini və gələcəyini şübhə altına qoyur. Ona görə də iki pisdən nisbətən yaxşısını seçməyi düşünürlər.

 — İranın İsrail və ABŞ ilə münasibətləri məlumdur. 2025-ci ildə İran–İsrail qarşıdurmasında ABŞ-nin birbaşa müdaxiləsini gördük. Bu ölkələr İrandakı qarışıqlıqdan istifadə edə bilərmi? 

— İstisna edilmir. Hətta “Delta” qrupunun İran sərhədləri yaxınlığında yerləşdirildiyi deyilir. Prezident Trampın ABŞ silahlı qüvvələrinin İran sərhədlərinə yaxınlaşması ilə bağlı əmri də məlumdur. Andiçmə mərasimi 2025-ci ilin yanvarında oldu, fevralın 6-da isə İran məsələsi haqqında memorandum imzalandı.İndi  ABŞ, İran məsələsini həll etməyə çalışır. Buunun isə uzun tarixi var. 1979-dan bəri İran  ABŞ-nin düşməni sayılır. İran isə 47 il ərzində hər cümə “Amerikaya ölüm” şüarını səsləndirdi. Amerika bunu bağışlamır. 

Digər məsələ İranın qlobal miqyasda anti-Amerika ittifaqındakı roludur. Bu ittifaq Rusiya–İran–Çin üçlüyüdür və həm də anti-türk xəttinə malikdir. ABŞ üçün bu ittifaqı dağıtmaq çox önəmlidir. Venesuela Prezidentinin tutulması və neft istehsalına nəzarətin itirilməsi bu ölkələrin zəifləməsinə səbəb oldu. İranın maliyyə mənbələrindən biri də Venesuela idi. ABŞ, İran məsələsində ciddi siyasət və konsepsiyaya malikdir, böyük ehtimalla yarı yolda dayanmayacaq. Hərbi zərbə mütləq deyil, amma İranı Rusiya və Çindən ayırmağa çalışacaq. 

— Bu baş verərsə, region üçün hansı təhlükələr yaranar?

 — Yaxın Şərqin xəritəsi dəyişə bilər. İsrail və ABŞ son illərdə İranın təsir dairəsini zəiflətməyə nail olub. Livan, Qəzza, Suriya prosesləri bunun göstəricisidir. “Şiə qövsü” dağılıb, amma SEPAH-ın xarici fəaliyyətinə yenə də büdcə layihəsində böyük vəsait ayrılır. İdeoloji rejimlər adətən axıra qədər gedirlər. Rejim dəyişərsə, “İranın özü qalacaqmı?” sualı ortaya çıxa bilər. Qeyri-farslar əsasən sərhədlərdə yaşayır və sərhədin o tayında daha inkişaf etmiş milli mərkəzləri var. İranın parçalanması perspektivi artıq ciddi müzakirə olunur. Məsud Pezeşkianın özü də xəbərdarlıq edib ki, bu siyasət davam edərsə, ölkə 7 yerə bölünə bilər. 

Bizdə “Bütöv Azərbaycan” ideyasını romantika adlandıranlar var, amma bu fikrin 100 ildən artıq tarixi var və çox təbii fikirdir. Kürdlərin, ərəblərin, bəlucların da birləşmək istəyi təbiidir. Rəsmi Tehran isə 100 ildən artıqdır ölkəni parçalama siyasəti aparır. Əsil “təcziye-tələb”, bölücülər odur. Artıq caydırıcı tezislərlə bu problemdən qurtulmaq mümkün deyil. 

— Hazırkı proseslər Güney Azərbaycandakı soydaşlarımıza necə təsir edəcək? 

— Son günlər Güney Azərbaycanın davranışı diqqət mərkəzindədir. Bəziləri deyir ki, Tehranda baş verənlərin bizə aidiyyəti yoxdur. Digərləri isə bildirir ki, Azərbaycan istəsə, bütün İranı dəyişdirə bilər. Amma bunun necə baş verəcəyi izah edilmir. Bu, maksimalist və qeyri-real yanaşmadır. Digər tərəfdən, Güney Azərbaycanda repressiyaların insanları taqətdən saldığı da reallıqdır. 

Etirazlar fonunda yanvarın 7-də Təbriz bazarının bağlanması və Tehrandakı hadisələrə dəstək verilməsi çox önəmlidir. İnciklik və nifrət var, amma siyasətdə emosiyalarla deyil, hesabla hərəkət etmək lazımdır. Rejimin getməsi üçün birlik vacibdir. Tehran əhalisinin ən azı 60 faizi türkdür. Tehranı Azərbaycandan ayırmaq doğru deyil. 

Qiymət Mahir

TodayPress TV

tag: Nəsib Nəsibli,Professor,Səfir,Müsahibə,Todaypress.tv,