Universitetlərin boş yerlərinə və kolleclərə qeydiyyat tarixləri bəlli oldu
Ali məktəblərin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı sentyabrın 8-də saat 11:00-dan başlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qeydiyyat sentyabrın 15 -də saat 18:00-dək davam edəcək.
Kolleclərə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.
"Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək", - məlumatda qeyd olunub.