Ukrayna İstanbul danışıqlarının əsas istiqamətlərini AÇIQLADI

Dünya

01.06.2025 20:45

Ukrayna prezidenti Volodimir Zelenski hərbi və diplomatik rəhbərliklə təhlükəsizlik müşavirəsi keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

Ukrayna dövlət başçısı müdafiə naziri, xarici işlər naziri, Baş Qərargah rəisi, kəşfiyyat rəhbərləri və Təhlükəsizlik Xidmətinin nümayəndələrini dinləyib. Görüşdə Ukraynanın müdafiə strategiyası, aktiv əməliyyatlar və diplomatik fəaliyyət əsas müzakirə mövzusu olub.

"Biz dövlətimizin, müstəqilliyimizin və xalqımızın müdafiəsi üçün hər şeyi edirik", – deyə o bildirib. Zelenski yaxın günlər üçün konkret tapşırıqlar verib və 2 iyun tarixində İstanbulda keçiriləcək beynəlxalq görüş ərəfəsində Ukraynanın mövqelərini müəyyənləşdirib.

"Bizim əsas prioritetimiz tam və qeyd-şərtsiz atəşkəsin təmin olunması, hərbi əsirlərin azad edilməsi, qaçırılmış ukraynalı uşaqların geri qaytarılmasıdır", - deyə o, əlavə edib.

Zelenski qeyd edib ki, davamlı və etibarlı sülhün təmin olunması, eləcə də gələcək təhlükəsizliyin qarantiyası üçün yüksək səviyyəli görüşə hazırlıq vacibdir. “Əsas məsələlər yalnız liderlərin iştirakı ilə həll oluna bilər”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Ukrayna nümayəndə heyətinə İstanbulda keçiriləcək görüşdə müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək.

Töhfə Səməd

tag: Ukrayna , Volodimir Zelenski,Rusiya,İstanbul,todaypress.tv,