Britaniya Kral III Çarlzın ABŞ ilə gərginliyə cəlb olunmamasına çalışır
Dünya
25.05.2025 17:00
Böyük Britaniya rəsmiləri, Kral III Çarlzın 26–27 may tarixlərində Kanadaya edəcəyi səfər zamanı, Ottava ilə Vaşinqton arasındakı siyasi qarşıdurmaya cəlb olunmaması üçün səylər göstərirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti səfərin təşkili ilə bağlı mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Britaniya nazirləri Kanada hökumətini ABŞ prezidenti Donald Tramp ətrafındakı mübahisələrdən kralı uzaq saxlamağa inandırmağa çalışır, lakin kanadalılar bu təklifə ciddi müqavimət göstərirlər.
Qeyd edək ki, may 27-də Böyük Britaniya monarxı və eyni zamanda formal olaraq Kanadanın dövlət başçısı olan Kral III Çarlz, Kanada parlamentinin yeni çağırış sessiyasını açacaq və 30 dəqiqəlik çıxış edəcək. Bu, 1957-ci ildən bəri ilk dəfə baş verəcək. Kralın çıxışının Kanadanın yeni baş naziri Mark Karni tərəfindən yazılacağı və ABŞ ilə mümkün ticarət mübahisəsində Ottavanın mövqeyini dəstəkləyib-dəstəkləmədiyinə dair diqqətlə analiz olunacağı bildirilir.
Londondakı Universitet Kollecinin Tarix və Siyasət Mərkəzinin direktoru professor Filip Merfinin fikrincə, Kanada hökuməti həm rəsmi protokolu qoruyub saxlamaq, həm də monarxın konstitusiya statusundakı qeyri-müəyyənlikdən faydalanmağa çalışacaq:
“Onlar vurğulayacaqlar ki, Çarlz yalnız Kanadanın deyil, eyni zamanda Birləşmiş Krallığın kralıdır və bu status dünya tərəfindən qəbul edilir. Onun iştirakı Britaniyanın Kanadanı ABŞ ilə mümkün mübahisədə dəstəklədiyi mesajı kimi təqdim edilə bilər”.
"BBC"nin analizinə görə, bu səfər Kanadanın ABŞ qarşısında müstəqil mövqeyini nümayiş etdirmək məqsədi daşıyır. Kanadadakı monarxiya tarixçisi Castin Vovkun fikrincə, bu səfər amerikalılardan fərqli cəhətləri vurğulayan "teatr tamaşası” kimi planlaşdırılıb və Kanadanın ABŞ-nin 51-ci ştatı olması fikrini təkzib etməyə xidmət edir.
Xatırladaq ki, Donald Tramp dəfələrlə Kanadalıların böyük qisminin ölkələrinin ABŞ-yə birləşməsini istədiyini iddia edib. Onun fikrincə, bu cür birləşmə Kanadaya iqtisadi sabitlik və xarici təhlükələrdən müdafiə təmin edəcək. Lakin baş nazir Mark Karni ölkəsinin ABŞ-yə heç bir formada birləşməyəcəyini dəfələrlə bəyan edib.
Töhfə Səməd
tag: Böyük Britaniya, Kral III Çarlz,Kanada,Ottava,Vaşinqton,ABŞ,todaypress.tv,