Trampın adından smartfon və mobil operatoru patentləşdirildi
Dünya
16.06.2025 18:00
cprezidenti Donald Trampın adından smartfon və mobil rabitə operatoru brendləri patentləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Phone Arena" nəşri məlumat yayıb.
Jurnalistlər ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) bazasında “Trump” və “T1” adlarının smartfon və mobil rabitə operatoru kateqoriyalarında qeydiyyatdan keçdiyini aşkarlayıblar. Patentlər "DTTM Operations LLC" şirkətinin adına alınıb. Sözügedən şirkət artıq 30 ildən çoxdur ki, Trampın hüquqi məsələlərini idarə edir.
Sənədlərə əsasən, yeni smartfonun adı "Trump Phone", mobil operatorun adı isə "T1" olacaq. Bildirilir ki, "T1" brendi cihazların, aksessuarların və mobil mağazaların dizaynında da istifadə olunacaq.
"Phone Arena" mütəxəssisləri ehtimal edir ki, Tramp bu addımı sadəcə öz adının qeyri-qanuni istifadəsinin qarşısını almaq üçün ata bilər. Lakin patentlərin “istifadə niyyəti” əsasında qeydiyyata alınması Trampın bu adlardan real kommersiya məqsədilə istifadə etmək planlarının olduğunu göstərir.
Jurnalistlər ironik şəkildə qeyd edirlər ki, Donald Trampın yeni smartfon layihəsinə ən böyük zərbəni elə hazırda vəzifədə olan ABŞ prezidentinin tətbiq etdiyi yüksək gömrük rüsumları vura bilər.
Töhfə Səməd
tag: ABŞ , Donald Tramp,Smartfon,Operator,Trump Phone,todaypress.tv,