Lukaşenko və Kelloq 6,5 saatlıq görüş keçirdi
Dünya
22.06.2025 06:00
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqla 6 saat 30 dəqiqə davam edən görüş keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont “Birinci İnformasiya” telekanalına açıqlamasında məlumat verib.
“Görüş dünən axşam baş tutdu. Əvvəlcə prezidentin iş kabinetində, daha sonra isə şam yeməyi zamanı davam etdi. Görüş gecə saatlarında yekunlaşdı”, - deyə Eysmont bildirib.
Onun sözlərinə görə, görüşdə Ukraynadakı vəziyyət, Yaxın Şərqdəki gərginlik, eləcə də ABŞ və Avropa İttifaqının Belarus, Rusiya və digər ölkələrə qarşı tətbiq etdiyi sanksiya siyasəti müzakirə olunub. Tərəflər həmçinin dünyada dəyişən siyasi arxitektura məsələsinə də toxunublar.
Eysmont əlavə edib ki, danışıqların detalları açıqlanmayıb və bu barədə yalnız görüşdə iştirak edən şəxslər məlumatlıdır.
Töhfə Səməd
tag: Kit Kelloq,Lukaşenko,Belarus,ABŞ,Todaypress.az,