Luvr muzeyindən oğurlanan əşyaların aqibəti necə olacaq?
Dünya
21.10.2025 19:15
İncəsənət oğurluğu üzrə tanınmış detektiv Artur Brend Parisdəki Luvr muzeyindən oğurlanan qiymətli artefaktların mümkün aqibətini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, fikirlərini "Sky News"a müsahibəsində bölüşüb.
Brend bildirib ki, polis hazırda muzeyin CCTV görüntülərini araşdırır və son günlərdə muzey ətrafında görünən şübhəli şəxsləri müəyyən etməyə çalışır. Lakin onun sözlərinə görə, oğurlanan əşyaların bütöv halda tapılma ehtimalı hər keçən gün azalır.
Ekspert qeyd edib ki, bu kral daş-qaşları o qədər məşhurdur ki, onları satmaq mümkün deyil. Oğruların edə biləcəyi yeganə şey qızıl və gümüşü əritmək, brilyantları söküb satmağa çalışmaqdır. Bu halda onlar həmişəlik yoxa çıxa bilərlər.
Xatırladaq ki, 19 oktyabrda Luvr muzeyi maskalı quldurların hücumuna məruz qalıb. Oğrular işçi geyimində muzeyə daxil olaraq cəmi yeddi dəqiqə ərzində oğurluq əməliyyatını həyata keçiriblər.
Hadisə nəticəsində III Napoleonun kolleksiyasındakı 23 əşyadan doqquzu - boyunbağı, broş, diadem və digər qiymətli zərgərlik məmulatları aparılıb. Oğrular İmperator Yevgeninin tacını küçəyə ataraq qaçıblar.
Türkan İsgəndərli
tag: Luvr,Muzey,Oğurluq,Eksponat,Todaypress.tv,
