İsrailin İrana endirdiyi zərbə nəticəsində ölənlərin sayı açıqlandı
Dünya
13.06.2025 16:38
İsrail Müdafiə Qüvvələrinin İranın nüvə infrastrukturuna endirdiyi hava zərbələri nəticəsində Tehranda 78 nəfər həlak olub, 329 nəfər isə yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə İranın "NourNews" agentliyi məlumat yayıb.
Hücum nəticəsində Tehranda bir binanın uçduğu da bildirilib.
İranın Qırmızı Aypara Cəmiyyəti daha əvvəl məlumat vermişdi ki, İsrailin hücumları nəticəsində azı 95 nəfər xəsarət alıb, bir xilasedici isə həyatını itirib.
Xatırladaq ki, iyunun 13-də səhər saatlarında İsrail Tehranda yerləşən İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qərargahına və İranın əsas nüvə obyektlərinə zərbələr endirib.
Hücum zamanı SEPAH komandanı Hüseyn Səlami və bir neçə nüvə alimi öldürülüb. İsrailin Baş naziri Benyamin Netanyahu hücumların İranın nüvə infrastrukturuna qarşı yönəldiyini təsdiqləyib.
Töhfə Səməd
tag: İsrail ,Müdafiə Qüvvələri,İran,Nüvə,todaypress.tv,