İsrail diplomatlarının qətlində şübhəli bilinən şəxs saxlanıldı

Dünya

22.05.2025 09:18

ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətli ilə bağlı 30 yaşlı Elias Rodriqes şübhəli şəxs qismində saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” Vaşinqton polis idarəsinə istinadən məlumat yayıb.

Şəhər polis rəisi Pamela Smit bildirib ki, Rodriqes hadisənin baş verdiyi yəhudi muzeyinin yaxınlığında şübhəli hərəkətlər edərkən müşahidə olunub. Onun saxlanılarkən “Fələstin azad olsun” şüarı səsləndirdiyi bildirilir.

Smit əlavə edib ki, Rodriqesin əvvəllər polis tərəfindən heç bir hüquqpozma ilə bağlı adı hallanmayıb. O həmçinin vurğulayıb ki, insidentdən öncə hüquq-mühafizə orqanlarına terror təhlükəsi və ya nifrət zəminində cinayət planlaşdırılması ilə bağlı heç bir kəşfiyyat məlumatı daxil olmayıb.

Qətl hadisəsi yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə 05:15) baş verib. Naməlum şəxs İsrail səfirliyinin iki əməkdaşını güllələyib, bir neçə nəfər isə yaralanıb. Hadisə diplomatların ziyarət etdiyi yəhudi muzeyinin yaxınlığında qeydə alınıb.

ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək, Vaşinqtonda baş verən bu qətllərin “antisemitizm zəminində törədildiyini” və bu cür hallara son qoyulmalı olduğunu bəyan edib.

Qiymət Mahir

tag: ABŞ,Vaşinqton,İsrail ,Fələstin,todaypress.t v,