Kim Çen In qəzada məsuliyyət daşıyanları cəzalandıracaq
Dünya
22.05.2025 10:36
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yeni esminesin suya buraxılması mərasimində baş verən texniki nasazlığa sərt reaksiya verib.
TodayPress TV xəbər verir ki, bu barədə “BBC” Şimali Koreyanın rəsmi agentliyi “CTAK”a istinadla məlumat yayıb.
Gəminin düzgün şəkildə suya buraxılmaması nəticəsində zədələnməsi KXDR rəhbəri tərəfindən “xalqın qüruruna bir an içində vurulan ağır zərbə” kimi qiymətləndirilib.
Kim Çen In hadisənin baş verdiyi gəmiqayırma zavodunda şəxsən iştirak edib və gəminin iyunda keçiriləcək partiya plenumuna qədər təmir olunmasını əmr edib. O, layihənin hazırlanmasında iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.
Şimali Koreya lideri qəzanın səbəbini tam məsuliyyətsizlik, səhlənkarlıq və qeyri-elmi yanaşma ilə izah edib. O vurğulayıb ki, bu cür məsuliyyətsiz səhvlər iyun ayında keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq. Ancaq hansı cəzaların tətbiq olunacağı barədə məlumat verilməyib.
Qiymət Mahir
tag: Kim Çen In,Koreya Xalq Demokratik Respublikası,Şimali Koreya,Qəza,todaypress.tv,