İranla sərhəd kəndlərə yol çəkilməsinə nail olduq, amma məni səngərdə əyilən erməni əsgərinə görə ... — Elman Nəsirov
“Altı il bundan öncə, hələ İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl söyləmişdim ki, erməni əsgəri Azərbaycan əsgərinin qarşısında qorxur və əyilə-əyilə gəzir. Bu fikir xeyli səs-küyə səbəb oldu. Hətta təəccübləndim ki, niyə belə bir ajiotaj yaranıb?”
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov TodayPress TV-nin ünvanladığı “Deputat kimi sonuncu dəfə hansı açıqlamanız səs-küy yaradıb, tənqid edilib, həmçinin hansı müsbət qarşılanıb?” sualına cavab verərkən deyib.
O, illər öncə böyük müzakirələrə səbəb olan çıxışının pərdəarxası məqamlarını açıqlayıb və seçicilərinin rəğbətini qazanan konkret fəaliyyətindən danışıb.
Erməni əsgəri barədə deyilən və ajiotaj yaradan o ifadə...
Millət vəkili ilk olaraq 6 il öncə cəmiyyətdə kəskin tənqid olunan ifadəsinə aydınlıq gətirib:
“Altı il bundan öncə, hələ İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl söyləmişdim ki, erməni əsgəri Azərbaycan əsgərinin qarşısında qorxur və əyilə-əyilə gəzir. Bu fikir təsadüfən yaranmamışdı. Məsələ ondan ibarət idi ki, erməni zabiti səngərə girəndə bir əsgərin küncünə sıxılmış vəziyyətdə qaldığını və ayağa qalxmadığını görmüşdü. Səbəbini soruşduqda isə bildirmişdilər ki, Azərbaycanın PUA-larının yaratdığı qorxu onda ciddi psixoloji gərginlik formalaşdırıb. Həmin əsgəri səngərdən təmiz havaya çıxaranda da o, dik dayana bilməmiş, yenidən əyilmiş vəziyyətdə hərəkət etməyə başlamışdı. Mən bu vəziyyəti kadrlarda görmüşdüm və buna görə də o ifadəni işlətmişdim.
Bu fikir xeyli səs-küyə səbəb oldu. Hətta təəccübləndim ki, niyə belə bir ajiotaj yaranıb? Guya məni ittiham edirdilər ki, əsgər onsuz da səngərdə əyilə-əyilə gəzir. Amma görünür ki, onlar müasir səngərləri görməyiblər. Onların səngər haqqında təsəvvürləri 1941–1945-ci illər müharibəsinin səngərləri səviyyəsində qalıb”.
“Çıxışımdan sonra 20 kəndin yol problemi həll olundu"
E.Nəsirov sorğumuzda müsbət qarşılanan və real nəticə verən addımını da xatırladıb. O bildirib ki, hökumətin parlament qarşısında hesabatı zamanı İranla sərhəd kəndlərinin infrastruktur problemini olduqca kəskin şəkildə gündəmə gətirib:
“Bildirdim ki, əgər həmin yollar iki-üç il ərzində çəkilməsə, insanlar artıq kütləvi şəkildə İranla sərhəd kəndlərini tərk etməyə başlayacaqlar. Vaxtında yollar çəkilməsə, sonradan onların çəkilməsinin də mənası qalmayacaq. Çünki insanların yaşamadığı ərazilərə niyə büdcə vəsaiti xərclənməlidir?
Mənim bu çıxışımdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) mənə zəng olundu. Rəhbərliklə görüşdük və nəticədə 20 kəndə 36,2 kilometrlik yol çəkildi. Bu, həmin kəndlərdə çox böyük əks-səda doğurdu. Hətta Təklə kəndinin bərbad vəziyyətdə olan körpüsü də həmin proses çərçivəsində bərpa edildi”.
"Siyasətin mərkəzində vətəndaş və onun rifahı dayanır"
Deputat sonda vurğulayıb ki, icra strukturları ilə qurulan bu effektiv kommunikasiya birbaşa dövlət siyasətinin tələbidir:
“Bu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev həyata keçirir. Konstitusiyanın 12-ci maddəsində qeyd olunur ki, dövlətin ali məqsədi vətəndaşların ləyaqətli həyat seviyyəsini təmin etməkdir. Cənab Prezident də hər zaman bildirir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Yol olan yerdə inkişaf var, mədəniyyət var. Biz isə deputat mandatımıza uyğun olaraq problemləri qaldırmağı, onları yerli və mərkəzi icra hakimiyyəti orqanları qarşısında təqdim etməyi və həllinə nail olmağı əsas hədəf seçmişik. Gördüyünüz kimi, atılan bu addım da çox müsbət nəticə verdi”.
Qiymət Mahir