Franada yeni tətil dalğası - Həmkarlar ittifaqları ayağa qalxdı
Fransanın təhsil və elmi sahə işçilərinin həmkarlar ittifaqları noyabrın 10-da yeni ümumxalq tətili keçirilməsinə çağırış edib.
TodayPress TV xəbər verir ki, bu barədə həmkarlar ittifaqı təşkilatlarının "CGT Éducation"2 saytında dərc olunmuş birgə bəyanatında bildirilib.
“Biz noyabrın 10-u, çərşənbə axşamı günü gəncləri, milli təhsil sisteminin, ali təhsilin və elmi-tədqiqat sahəsinin işçilərini dəstəkləmək məqsədilə nümayişlər, mitinqlər və tətilləri əhatə edən etiraz aksiyaları gününün keçirilməsinə çağırırıq”, – deyə bəyanatda qeyd olunub.
Yeni etiraz aksiyasına səbəb, xüsusilə hökumətin noyabrın 9-da əməkhaqqı məsələlərinə dair konfrans keçirmək qərarı olub. Həmkarlar ittifaqları dövlət sektorunun nümayəndələrinin həmin konfransda iştirak etməyəcəyindən narahatdırlar.
“Əgər bu təsdiqlənərsə, növbəti təxribat olacaq”, – deyə bəyanatda bildirilib.
Təşkilatlar müəllimlərin və digər təhsil müəssisələri əməkdaşlarının əməkhaqlarının artırılmasını, əlavə iş yerlərinin yaradılmasını, əmək şəraitinin yaxşılaşdırılmasını, təhsil və elmi tədqiqatlara ayrılan büdcə vəsaitlərinin artırılmasını tələb edirlər.
Tələblər arasında ali təhsil və elm sistemində 15 min ştat vahidinin yaradılması, 2027-ci ilin büdcə layihəsində nəzərdə tutulan iş yerlərinin ixtisarından imtina edilməsi və gənclərin ali təhsilə çıxış imkanlarının genişləndirilməsi də yer alır.
Aysel Mətləb