Əlcəzair BRİKS-in Yeni İnkişaf Bankına qoşuldu

Dünya

22.05.2025 12:22

Əlcəzair rəsmi şəkildə BRİKS-in Yeni İnkişaf Bankına (NDB) üzv olub. 

TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bu barədə bankın rəhbəri Dilma Russeff məlumat verib.

Russeff bildirib ki, Əlcəzair hazırda təkcə Şimali Afrikanın deyil, bütövlükdə dünyanın iqtisadi həyatında mühüm rol oynayır: 

“Əlcəzair Yeni İnkişaf Bankının qlobal maliyyə səhnəsində mövqeyinin möhkəmlənməsinə töhfə verəcək. Əlcəzairi bankın yeni üzvü kimi səmimi qəlbdən təbrik edirəm”.

O vurğulayıb ki, təşkilat Əlcəzairlə investisiya sahəsində əməkdaşlığa hazırdır: 

“Əlcəzairlə birlikdə insan həyatının yaxşılaşdırılmasına, tərəqqi və inkişafa xidmət edən səmərəli layihələrin maliyyələşdirilməsi üzərində işləyəcəyik”.

Qeyd edək ki, mart ayının sonunda İndoneziya da BRİKS-in Yeni İnkişaf Bankına qoşulmaq qərarı verdiyini açıqlamışdı. Bu barədə ölkə prezidenti Prabovo Subianto Dilma Russefflə görüşdən sonra bəyanat vermişdi.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl BRİKS ölkələrinə dolları əvəzləməyə cəhd etdikləri təqdirdə yüz faizlik gömrük rüsumları tətbiq etməklə hədələyib.

Qiymət Mahir

tag: Əlcəzair ,BRİKS,Yeni İnkişaf Bankı,Şimali Afrika,todaypress.tv,